“Avropadan Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunmasının bir neçə əsas səbəbi var”.
Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa vətəndaşları hazırda geosiyasi gərginlik fonunda ciddi iqtisadi çətinliklərlə üzləşirlər:

“Bu ölkələrin əsas gücü, gizli də olsa, ordulara və silah-sursat təminatına yönəlmiş xərclərdən asılıdır. Çin kimi böyük istehsalçı dövlətin Avropa sənayesini kölgədə qoyması avropalıların iqtisadi durumunu daha da zəiflədir və onların turizm imkanlarını məhdudlaşdırır. Son zamanlar Avropadan Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunur. Sərhəd və nəqliyyat məhdudiyyətləri, eləcə də turistlər üçün sərfəli və rahat gediş-gəliş imkanlarının məhdud olması, səyahət seçimlərinə birbaşa təsir edir. Azərbaycanla birbaşa uçuşların azlığı və bilet qiymətlərinin yüksək olması turistləri rəqabətçi ölkələrə yönəldir. Statistikaya baxdıqda görmək olar ki, Azərbaycan Hava Yollarının birbaşa uçuş həyata keçirdiyi Avropa şəhərlərindən ölkəmizə gələn turistlərin sayı digərlərinə nisbətən daha çoxdur. Ümumilikdə, geosiyasi gərginlik və beynəlxalq xərclərin artması təkcə Avropadan gələn deyil, digər regionlardan gələn turist axınına da mənfi təsir göstərir”.
Leyla Turan Demokrat.az


