Gündəm Özəl

Oxucu auditoriyası olmayan mətbuat tədricən sıradan çıxmalıdır — AÇIQLAMA

Oxucu auditoriyası olmayan mətbuat tədricən sıradan çıxmalıdır — AÇIQLAMA

“MEDİA-nın qəzetlərlə bağlı qərarı gözlənilən idi. Kağız formasında buraxılan qəzetin bazarı artıq çoxdan daralıb. Hətta jurnalist çevrəsində belə qəzet oxuyan qalmayıb. Bir çox qəzetlər də artıq uzun illərdir elə onlayn şəkildə fəaliyyət göstərirlər. Məlumatın ötürülmə vasitələri isə çox dəyişib. Qəzetlərin həftədə bir dəfə dərc olunması sadəcə kağız formada tarixin qorunmasına xidmət edəcək. Oxucu auditoriyası olmayan mətbuat tədricən sıradan çıxmalıdır".

Bunu Demokrat.az-a açıqlamasında Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib. O bildirib ki, saytlara ayrılan məbləğin 3 mindən 5 minə qaldırılması gərək çoxdan baş verəydi:

"Bu jurnalistlərin əməkhaqqına təsir etsə də, medianın problemlərini tam həll edə bilmir. Kiçik saytlar çox çətinliklə MEDİA-nın gündəlik 20 özəl xəbərini hazırlamaq tələbini yerinə yetirirlər. Heç bir başqa işə imkanları çatmır. Media bazarında fəallıq göstərmək, reklam axtarmaq, sponsorları cəlb eləmək kimi işlərlə məşğul olmağa heç bir saytın gücü-qüvvəsi qalmır. MEDİA məbləği bir qədər də artırmaqla əlavə bir ştatın açılmasına, reklam menecerlərinin işə cəlb olunmasına nail ola bilərdi. Bir sözlə, saytlar əlavə gəlir əldə etmək imkanı qazanmalıdırlar.

Sosial media, nəhəng xəbər platformaları da saytların ciddi rəqibinə çevrilib. Bu səbəbdən mətbuatın gələcəyini elə bu gündən düşünməliyik, yəni saytlar daha çox gəlirə hesablanmış strategiya qurmalıdırlar”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova