"Ermənistanda baş verən hazırkı siyasi qarşıdurmanın yenidən alovlanması Moskva tərəfindən idarə olunur. Kreml burada yenidən öz əlaltılarının hakimiyyətə gəlişini təmin etmək, Paşinyan hökumətini Rusiyameyilli fiqurlarla əvəzləmək istəyir. Qarşıdurmanın mahiyyəti də məhz bundan ibarətdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Bu vəziyyət sülh prosesinə zərər verir, çünki Rusiyameyilli qüvvələr revanshist düşüncədədir. Onların çoxu hələ də köhnə yanaşmalarla siyasətə baxır. “Dənizdən dənizə Ermənistan”, “Naxçıvan və Qarabağ bizimdir” kimi utopik fikirlər yenidən gündəmə gətirilir. Bu qüvvələrin aktivləşməsi Ermənistan cəmiyyətində gərginliyi artırır və daxildə siyasi qarşıdurmanı dərinləşdirir".
O bildirib ki, bunlar hazırkı iqtidarın Azərbaycanla sülh prosesində addımlarını çətinləşdirir:
"Ermənistan cəmiyyətində hələ də köhnə düşüncə tərzində yaşayan insanlar çoxdur. Paşinyan hakimiyyəti siyasi rəqiblərinə qarşı açıq mübarizə aparmaqdan çəkinir, çünki bu, kütləvi etirazlarla nəticələnə bilər. Moskva tərəfindən dəstəklənən dairələr əks-hücum edə bilərlər və bu, ən yaxşı halda vətəndaş qarşıdurması, ən pis halda isə hakimiyyətin devrilməsi ilə nəticələnə bilər".
Əfsanə Kamal Demokrat.az


