Kriminal Özəl

Həmkəndlilər arasında mübahisə cinayətlə nəticələndi —TƏFƏRRÜAT

Həmkəndlilər arasında mübahisə cinayətlə nəticələndi —TƏFƏRRÜAT

Quba rayonunda 1987-ci il təvəllüdlü Elxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vaqifə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 5-də, saat 23 radələrində rayonunun Qımılqışlaq kəndində baş verib. Elxan aralarında yaranmış mübahisə zamanı tanışı Vaqifə bədən xəsarətləri yetirib.

Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 5-də, saat 16 radələrində dostu Turalın oğul övladının ad günü məclisində spirtli içki qəbul edib və sonra kənddə yerləşən çay evinə bilyard oynamaq üçün gedib: “Orada həmkəndlilərim ilə bilyard oynayan zaman həmkəndlim və tanışım Vaqif adlı şəxsin sərxoş vəziyyətdə çay evinə girdi. Mənim qarşıma keçərək “burada kişi var” deyə söylədi. Ona cavab olaraq öz növbəmdə “sənə kişi lazımdır” deyə bildirdim. Bu zaman aramızda söz mübahisəsi baş verdi. Mübahisəni davam etdirməkdən ötrü heç kimin olmadığı yerə, çölə çıxdıq. Orada aramızda dava-dalaş oldu. Bu zamanı hər ikimiz biri-birimizə əl və ayaq zərbələri ilə vurduq. Mübahisə bitdikdən sonra Vaqif yaşadığı evə getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra evinin qarşısında səs küy gəldiyini eşidərək çölə çıxıb: “Bu zaman Vaqifin olduğunu gördüm. Təkrar onunla aramızda söz mübahisəsi baş verdi. Mübahisələrimiz təxminən 5-10 dəqiqə davam etdi”.

İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, mayın 5-də Xaçmaz şəhərinə kredit ödəməkdən ötrü gedib: “Daha sonra axşam yaşadığım kəndə qayıtmaq üçün Xaçmaz şəhərindən taksi ilə gələrək kənddə yerləşən çay evinin qarşısına çatdım. Maşından düşərək çay içmək üçün çay evinə girdim. Bu zaman orada həmkəndlim Elxanı gördüm. Onun qabağına keçərək, “burada kişi var” deyə bildirdim. Bu sözü bildirməyimin səbəbi Elxanın mənə borclu olmasını, lakin verməməsi idi. Həmin vaxt Elxan cavab olaraq “kişi mən” deyə cavab verdi. Bu zaman aramızda söz mübahisəsi baş verdi. Daha sonra mübahisəmiz çay evindən kənarda dava-dalaşla nəticələndi”. Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş də onu bağışlayıb.

Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova