“12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün xalqımızın müstəqil dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir”.
Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, Konstitusiyanın qəbulu ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə güclü təkan verib:
“Məhz bu tarixdə 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Bu, Ulu Öndərin dövlətçiliyimiz qarşısında ən böyük xidmətlərindən biridir. Konstitusiyanın qəbul edildiyi gün, eyni zamanda, respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirildi. Bu, xalqın idarəetmədə iştirakını təmin edən, müasir hüquqi dövlətin formalaşmasına təməl yaradan tarixi hadisə idi. Həmin gündən etibarən noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının qorunmasını dövlət hakimiyyətinin bütün qollarının əsas vəzifəsi kimi müəyyən edib. Qəbul edilən sənəddə hüquqi dövlət quruculuğunun müasir prinsipləri əsas götürülüb, Konstitusiya Məhkəməsi kimi yeni hüquqi təsisatın yaradılması nəzərdə tutulub. Sonrakı illərdə ölkəmizin inkişafı ilə bağlı yaranan yeni tələblər nəzərə alınaraq Konstitusiyaya bir neçə dəfə mühüm dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə xidmət edib”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan tarixi bir mərhələni yaşayır:
“Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 Günlük Vətən müharibəsində torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu, eyni zamanda, vətəndaşlarımızın konstitusion hüquqlarının bərpası deməkdir. Artıq Konstitusiyamızın əsas prinsiplərindən biri – dövlətin ərazi bütövlüyü tam şəkildə təmin olunub. Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə xalqımız böyük qürur hissi keçirir. Bu gün Azərbaycan xalqı Konstitusiya Gününü qalib dövlətin vətəndaşları kimi böyük sevinc, qürur və iftixar hissi ilə qeyd edir. Dövlətimizin daha da güclənməsi, müstəqilliyimizin əbədi olması və xalqımızın rifahı yolunda hamımıza uğurlar arzulayıram”.
Leyla Turan Demokrat.az


