Bu gün müstəqil Azərbaycan Respublikasının tarixi üçün əlamətdar gün - Konstitusiya Günü qeyd olunur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 30 il ötür.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu Konstitusiya dövlət müstəqilliyimizin, demokratiyamızın və hüquqi dövlət quruculuğunun bünövrəsini qoydu. Məhz bu sənəd Azərbaycanın müasir inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi tarixə düşdü.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Konstitusiyamızın prinsipləri əsasında müstəqil, güclü, ədalətli və rifahlı Azərbaycan qurulmaqdadır. Dövlət başçısının apardığı siyasət, hüquqi islahatlar və vətəndaş amilinə verilən dəyər Konstitusiyanın ali məqsədlərinə - insan, hüquq və ədalət prinsiplərinə xidmət edir.
Konstitusiya dövlətçiliyimizin sabitliyinin, milli birliyimizin və azadlığımızın simvoludur. Bu müqəddəs sənədin qorunması, onun müddəalarına əməl olunması hər bir Azərbaycan vətəndaşının borcudur.
Faiq Yusif oğlu Qurbanov YAP Qaradağ rayon təşkilatının sədr müavini


