V çağırış Milli Məclisin deputatı Eldar Quliyev 2020-ci ilin fecralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakedəcək.
E.Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, namizədliyini 28 saylı Sabunçu üçüncü seçki dairəsindən irəli sürəcək.
Deputat qeyd edib ki, bu addımı seçicilərin müraciəti əsasında atıb:
“Seçicilərim müraciət edərək xahiş etdilər, növbəti dəfə də namizədliyimi irəli sürüm. Onlar bildirdilər ki, seçki qərargahına ümidlə gəlirlər. Deputat olduğum dövrlərdə seçicilərimin problemlərinə həssas yanaşmışam, həlli üçün əlimdən gələni etmişəm. İnsanları narahat edən məsələlərlə bağlı dövlət qurumlarına müraciət etmişəm, bu problemlərin əksəriyyətinin həllinə nail olmuşam. Düzdür, çatışmazlıqlar da var, biz onların aradan qaldırılması üçün də çalışırıq. Bu müddət ərzində qəsəbə daxili yolların, suyun, qazın, işığın çəkilməsi, məscidlərin təmiri istiqamətində dövlət qurumları ilə birlikdə addımlar atmışıq. Uşaqların məktəbə qəbul olunmasına, təhsil haqqının ödənilməsinə, imkansız ailələrə köməyimi əsirgəməmişəm. Təbii ki, dövlətin dəstəyi ilə bu addımları atmışam. Seçicilər də bunu yüksək qiymətləndirir.
E.Quliyev V çağırış Milli Məclisin deputatlarının yenidən namizədliklərini irəli sürdüklərinə görə tənqid edilməsinə də münasibət bildirib:
"V çağırış Milli Məclisin buraxılması ölkədə aparılan islahatlarla əlaqədardır. Beş barmağın beşi də eyni ola bilməz. Zəif işləyənlər, yaşı keçənlər, səhhətində problem olan deputatlar var idi... Milli Məclisin yenilənməli idi. Enerjili, iş qabiliyyəti yüksək olan deputatlar nə üçün yenidən namizəd olmasınlar? Milli Məclis qanunverici orqandır, burada təcrübəli insanlar fəaliyyət göstərməlidir. Bu insanlar ölkəni beynəlxalq arenada təmsil edirlər. 19 ildir deputatam, fəaliyyətimin 15-ci ilində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri oldum. Yəni təcrübə toplayandan sonra etimad göstəriblər. Seçici etimadı səsvermədə bilinir. Seçicilər etimad göstəriblər, namizədliyimi irəli sürmüşəm, inanıram ki, səsvermə zamanı da qalib olacağam”.


