Gündəm Özəl

8 Noyabr — Azərbaycanın qələbə tarixidir

8 Noyabr — Azərbaycanın qələbə tarixidir

Beş il əvvəl 2020-ci ilin noyabrında Azərbaycan xalqı tarixin ən qürurlu səhifələrindən birinə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə torpaqlarımızın azadlığı, milli birliyimizin, ordumuzun gücü və xalqımızın əzmkarlığının təntənəsi oldu. Bu gün Zəfərin 5 ili tamam olur. Ötən illər ərzində azad edilmiş torpaqlarda bərpa, quruculuq və böyük qayıdışın yeni mərhələsi başlanıb. Zəfərin hər ili Azərbaycanın gücünü, xalqın birliyini və gələcəyə inamını daha da möhkəmləndirib.

8 Noyabr — Azərbaycanın qələbə tarixidir

Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açılamasında bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düşünülmüş, uzaqgörən siyasət və müasir ordu quruculuğu strategiyası sayəsində bu gün Azərbaycan Ordusu dünyanın ən güclü, ən intizamlı və yüksək texnoloji təchizata malik hərbi qüvvələrindən birinə çevrilmişdir:

8 Noyabr — Azərbaycanın qələbə tarixidir

“Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq, 2020-ci ilin payızında xalqımız öz tarixi qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən birini yazdı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə Qələbə müjdəsi, ədalətin təntənəsi və xalq-ordu-lider birliyinin sarsılmaz nümunəsi kimi həkk olundu. Rəşadətli Ordumuz illərlə işğal altında qalan torpaqları azad etməklə təkcə hərbi gücünü deyil, həm də mənəvi iradəsini, haqq savaşının qüdrətini bütün dünyaya nümayiş etdirdi. Düşmən ordusu Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyərək diz çökdü və kapitulyasiya aktı imzalamağa məcbur oldu. Bu böyük Zəfər yalnız döyüş meydanlarında deyil, diplomatik masada da qazanıldı. Müzəffər Ali Baş Komandanın siyasi müdrikliyi, beynəlxalq arenada apardığı çevik və prinsipial diplomatiya nəticəsində bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunması tarixə unikal siyasi nailiyyət kimi düşdü. Bu üç rayonun itkisiz azad edilməsi Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik müstəvidə qazandığı parlaq Qələbənin, güclü liderlik iradəsinin və milli maraqların qorunmasında göstərdiyi qətiyyətin ən bariz təzahürüdür. Vətən müharibəsində əldə olunan böyük Qələbə dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz iradəsini və milli birliyimizi bütün dünyaya nümayiş etdirdi. Bu şanlı qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında möhtəşəm Zəfər Paradı keçirildi. Bu tarixi mərasim Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Paradda 3000-ə yaxın Azərbaycan əsgəri və zabiti ilə yanaşı, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də addımladı. Azərbaycan və türk əsgərlərinin yan-yana keçidi iki qardaş ölkə arasındakı ayrılmaz bağların, sarsılmaz dostluq və müttəfiqliyin parlaq təcəssümü idi. Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birlikdə parada qatılması bu qardaşlığın əbədi və dönməz olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Bu tarixi gün təkcə qələbənin deyil, həm də birlik, qüdrət və parlaq gələcəyə inamın təntənəsi idi. Bu anlar xalqımızın qəlbində əbədi yaşayacaq və nəsillər boyu qürurla xatırlanacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “10 dekabr - 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin dünyaya bəyan edildiyi gün, dünyanın bütün diqqətini Bakıya yönəltdiyi, Azadlıq Meydanında atılan hər bir addımın, hər bir sözün böyük həyəcan və maraqla izlənildiyi gündür.Və bu, bütün planetin diqqətinin Bakıya yönəlməsinin başlıca səbəbləri” kimi xarakterizə olunur. İkinci Dünya Müharibəsindən sonra bir ölkənin işğal, terror, faşizm üzərində qələbəsi, işğalçını kapitulyasiyaya məcbur etdikdən sonra keçirdiyi ilk parad, ən yeni tarixdə regional düzəni dəyişən və yeni reallıqlar ortaya qoyan parad idi. Bu parad Cənubi Qafqaz regionunun tək hazırki dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni isə düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət bu qalib Ali Baş Komandanın, qalib Ordunun və qalib xalqın paradı idi. Bu tədbir Cənubi Qafqazda yalnız indiki dövrün deyil, gələcək münasibətlərin də konturlarını müəyyənləşdirən mühüm tarixi hadisə oldu. Dostu və müttəfiqi yanımızda, düşməni isə yeni reallığı qəbul etməyə vadar edən bu parad, həm gücün, həm iradənin, həm də ədalətin rəmzinə çevrildi”.

Deputat qeyd edib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının konstitusiya quruluşunun və dövlət suverenliyinin tam bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Cəmi bir gün davam edən yüksək peşəkarlıqla icra olunmuş hərbi əməliyyatlar nəticəsində separatçı rejim tamamilə məhv edildi və Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi. Bu əməliyyatlar həm hərbi, həm də siyasi müstəvidə Azərbaycanın gücünü, iradəsini və prinsipial mövqeyini bir daha bütün dünyaya nümayiş etdirdi. Tarixi hadisələrin davamı olaraq, 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının ucaldılması dövlətçilik tariximizin ən qürurlu və simvolik anlarından biri kimi yadda qaldı. Bu bayraq qaldırılışı illərin həsrətinin sonu, qələbənin rəmzi, azadlığın və milli qürurun təntənəsi idi. Vətən müharibəsində qazanılan parlaq Qələbə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələ yalnız hərbi zəfərlə məhdudlaşmadı, eyni zamanda milli dövlət quruculuğunun, güclənən iqtisadiyyatın, regionda sabitlik və inkişaf modelinin rəmzinə çevrildi. Bu gün azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda yollar, su, elektrik və qaz xətləri, məktəblər, xəstəxanalar, hava limanları, yaşayış məhəllələri və digər mühüm infrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində insanlar tədricən doğma torpaqlarına qayıdır və bölgədə normal həyat bərpa olunur. Uzun illər dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış şəraiti formalaşdırılır. Qarşıdakı illərdə prosesin daha da sürətlənməsi və regionun sosial-iqtisadi inkişafının davam etdirilməsi planlaşdırılır”.

Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, bu Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbənin 5 illiyini qeyd edir:

8 Noyabr — Azərbaycanın qələbə tarixidir

“Bu beş il çox sürətlə keçsə də, əslində, illərlə gözlənilən bir zəfərin gerçəkləşməsinin timsalıdır. Azərbaycan dövləti uzun illər boyunca bu müharibəyə ideoloji, siyasi və hərbi baxımdan ciddi şəkildə hazırlaşmışdı. Məktəblərdə maarifləndirmə işləri aparıldı, gənclərin və vətəndaşların milli ruhda yetişməsi üçün ciddi ideoloji zəmin formalaşdırıldı. Azərbaycan Ordusu və dövləti hər bir sahədə düşmənə cavab verməyə hazır idi və bu hazırlıq 2020-ci ilin payızında baş verən Vətən Müharibəsində öz bəhrəsini verdi. Müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz cəbhədə böyük uğurlar qazandı və şəhərlərimiz, rayonlarımız bir-bir işğaldan azad edildi. Şuşanın azad olunması isə bu zəfərin zirvəsi oldu. Bu həm də erməni tərəfinin Azərbaycanın gücü qarşısında geri çəkilməsinə və kapitulyasiya aktına imza atmasına səbəb oldu”.

Millət vəkilinin sözlərinə görə, müharibənin nəticəsi olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan Azərbaycana qaytarıldı:

“2023-cü ilin 20 sentyabrında isə suverenliyimiz tam bərpa edildi. Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə Azərbaycan bayrağı dalğalandı. Bu hadisə Azərbaycan tarixində əlamətdar dönüş nöqtəsi kimi yadda qaldı. 2025-ci ildə biz 44 günlük müharibədə qazandığımız zəfərin 5 illiyini qeyd edəcəyik. Bu münasibətlə yubiley paradının keçirilməsi planlaşdırılır. Necə ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə xüsusi parad təşkil olunmuşdu, 2020-ci ildə isə zəfər paradı ilə xalqımız qalibiyyətini qeyd etdi. Bu münasibətlə ilk növbədə şəhidlərimizi rəhmətlə yad edirik – onların qanı bahasına bu zəfər əldə olunub. Qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq. Eyni zamanda bu zəfərin memarı olan Ali Baş Komandan, Prezident İlham Əliyevi də təbrik edirik. Onun liderliyi və müdrik siyasəti sayəsində Azərbaycan xalqı bu tarixi uğura imza atdı. Bu birlik və həmrəylik gələcək uğurlarımızın da təminatıdır. Qələbəmiz mübarək olsun!”

Leyla Turan Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqamətində hazırlanıb.

NE
Nihadə Eyyubova