Əməkdar artist Nailə İslamzadə "Qonaqcanlı" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, İslamzadə proqramda“Reytinq xətrinə veriliş aparardınızmı” sualına belə cavab verib:
“Bu sual mənim xarakterimə zidd olan bir şeydir. Bunu heç vaxt etməmişəm, etmərəm də. Ümumiyyətlə götürəndə, o reytinq sözü əvvəllər yox idi. "Ailələr, talelər" verilişi efirə gedəndə deyirdilər ki, rayonlarda oğurluq və cinayət halları azalır. İnsanlar yığışıb televiziyaya baxırdılar.
O ki qaldı, reytinqsözü nədir, onu anlamaq istəmirəm. Bu reytinqi ölçən kimdir? O cihazları haradan tapırlar, onu necə hesablayırlar? Mənim üçün ən böyük reytinq işimi yaxşı görməkdir. İnsan qarşısında səmimi olmaq və onlara faydalı bir məlumat verməkdir.
Televiziyanın üç böyük istiqaməti var: informasiya, maarifləndirmə və əyləncə. Bunların hər birindən tamaşaçı fayda götürməlidir. Əyləncə asan deyil. İnsanları ağlatmaq, güldürməkdən asandır. İnsanlar əylənirsə, maariflənirsə, doğru informasiya alırlarsa,bu, bizim ən böyük uğurumuz, reytinqimizdir. Amma kimisə qarşı-qarşıya qoyub danışdırmaq, bu, reytinq deyil".


