Sosial Özəl

2026-cı ildə pensiyaların artırılması planlaşdırılır — PROQNOZ

2026-cı ildə pensiyaların artırılması planlaşdırılır — PROQNOZ

“2026-cı il üzrə pensiya xərclərinin 10.9% artımı sosial siyasətin prioritet istiqamətlərindən biri kimi görünür. Bu, həm də hökumətin inflyasiya təzyiqləri fonunda pensiya gəlirlərinin real dəyərini qorumağa çalışdığını göstərir. Lakin proqnozlaşdırılan 9.2%-lik indeksasiya, əgər inflyasiya tempi bu həddə yaxın və ya ondan yüksək olarsa, real artım effekti verməyə bilər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.

O qeyd edib ki, son illər ərzində Azərbaycanda orta illik inflyasiya 8-10% aralığında dəyişdiyindən, nominal artım real alıcılıq gücünə ciddi təsir etməyə bilər:

“Pensiyaların orta məbləğinin 590 manata, yaşa görə pensiyanın isə 629 manata çatması sosial baxımdan müsbət göstəricidir. Lakin regionlarda və kənd yerlərində bu rəqəmlər real həyat səviyyəsini tam əks etdirmir.

Maliyyələşmə mənbələrinin davamlılığı da vacibdir. Artan sosial öhdəliklər büdcə yükünü artırır. Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin dayanıqlığı və qeyri-neft sektorundan sosial ayırmaların səviyyəsi bu artımın davamlılığını müəyyən edəcək”.

İqtisadçı bildirib ki, pensiya artımının struktur baxımından əmək bazarındakı qeyri-rəsmi məşğulluqla uyğunlaşması da problemlidir:

“Çünki rəsmi sığorta ödənişləri aşağı olan vətəndaşlar gələcəkdə bu artımlardan tam faydalana bilməyəcəklər. Sosial siyasətin effektivliyi yalnız nominal artımla deyil, sistemin ədalətliliyi və şəffaflığı ilə ölçülməlidir. Bu artım sosial sabitlik üçün mühüm addımdır, amma iqtisadi reallıqlar və qiymət artımı fonunda rəqəmsal artımın real rifah artımına çevrilməsi hələ də sual altındadır”.

Leyla Turan Demokrat.az

D
demokrat.az