“Dəfələrlə həbslərə, araşdırmalara və dövlət başçısının qəti mövqeyinə baxmayaraq, hələ də bəzi icra strukturları tərəfindən qanunsuz əməllərə yol verildiyinin şahidi oluruq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, Prezident İlham Əliyev dəfələrlə bu məsələyə münasibət bildirib:
“Vəzifəli şəxslər hər zaman qanuna hörmət etməli və ona diqqətlə yanaşmalıdırlar. Lakin təəssüf ki, bəzi hallarda hələ də vəzifəli şəxslər tərəfindən qanunsuz hərəkətlərə yol verilir. Bu proseslərdə ən çox adı hallanan strukturlardan biri də yerli icra hakimiyyətləridir. Bu fakt bir daha göstərir ki, həmin qurumlarda ciddi islahatlara ehtiyac var. Hazırda ölkə başçısının rəhbərliyi ilə xüsusi nümayəndəlik institutu yaradılmış və bu institutun formalaşdırılması istiqamətində addımlar atılmaqdadır. Bu addımların əsas məqsədi dövlət idarəçiliyini təkmilləşdirmək və mövcud problemləri aradan qaldırmaqdır.
Yeni institutun yaradılması gələcəkdə onun səlahiyyətlərinin daha da gücləndirilməsi və idarəetmədə şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu institut üzərinə düşən vəzifələri uğurla yerinə yetirəcək və hər kəs də bu prosesə öz töhfəsini verməlidir. Çünki sonda məqsəd ölkəmizdə qanunun aliliyini təmin etmək və dövlət strukturlarında effektivliyi artırmaqdır”.
Leyla Turan Demokrat.az


