“İcra hakimiyyətlərinin ləğvi məsələsi Konstitusiya və qanunvericilik səviyyəsində ciddi hüquqi dəyişikliklər tələb edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib.
O deyib ki, hazırda yerli icra hakimiyyətləri Konstitusiyanın 124-cü maddəsi ilə təsbit olunmuş icra hakimiyyəti orqanları sisteminin tərkib hissəsidir:
“Buna görə də, onların ləğvi yalnız Konstitusiyaya dəyişiklik edilməklə mümkündür. Yəni bu, sadəcə prezident fərmanı və ya qanunla həyata keçirilə bilməz. Bunun üçün Milli Məclisin qərarı və zərurət yaranarsa, ümumxalq referendumu keçirilməlidir. Son dövrlərdə Prezidentin xüsusi nümayəndəlikləri institutunun yaradılması isə idarəetmənin yeni modelinə keçidi göstərir. Bu modeldə mərkəzi icra hakimiyyətlərinin nümayəndəlikləri daha səmərəli və şəffaf idarəetməni təmin etməyə yönəlib. Əgər bu sistem tam oturuşarsa, icra hakimiyyətlərinin funksiyaları artıq ola bilər. Lakin bu keçid mərhələsində hüquqi boşluqların yaranmaması vacibdir. İcra hakimiyyətlərinin ləğvi yerli özünüidarəetmə orqanlarının bələdiyyələrin səlahiyyətlərini də yenidən müəyyənləşdirməyi tələb edəcək. Hüquqi baxımdan bu, təkcə idarəetmənin deyil, inzibati ərazi bölgüsünün də dəyişməsi deməkdir. Belə bir addım atılarsa, məqsəd şəffaflıq, məsuliyyət və vətəndaşlara daha yaxın idarəetməni təmin etmək olmalıdır. Yəni bu məsələ siyasi yox, institusional islahat kimi yanaşılmalıdır”.
Leyla Turan Demokrat.az


