Son vaxtlar aqrar sektorla bağlı rəsmi statistik göstəricilər ətrafında müzakirələr artıb.
Modern.az-ın əldə etdiyi məlumatına görə, aqrar sektora aid rəsmi statistikaya şübhələr yarandığındanyerli icra hakimiyyətləri səviyyəsində bu rəqəmlər yenidən dəqiqləşdirilməsinə göstəriş verilib.
İddialara görə, bəzi rayonlarda məhsuldarlıq rəqəmləri 20-30 faiz şişirdilib, bəzi yerlərdə isə idxal məhsulları yerli istehsal kimi təqdim olunub. Məsələn, bəzi ekspertlər bildirirlərki, ötən il Qazaxıstandan gətirilən qoyunların bir hissəsi Azərbaycanda kəsilərək “yerli istehsal” kimi sənədləşdirilib. Belə faktlar aqrar siyasətin effektivliyini sual altına salır.
Modern.azsaytı aqrar sektordakı yoxlamalara, rəqəmlərin reallığı əks etdirib-etdirmədiyinə dair iddialaramünasibət öyrənməküçün Milli Məclisin Aqrar siyasət komitəsinin sədriTahir Rzayevlə əlaqə saxlayıb.

“Araşdırmaları mütəxəssislər aparır, biz bu məsələyə yalnız yoxlamalar yekunlaşandan sonra münasibət bildirə bilərik. Mən həmin hadisələrin içində deyiləm ki, deyim statistika doğrudur, yoxsa səhvdir. Dövlət Statistika Komitəsi var, biz məlumatları onlardan alırıq və təbii ki, bu məlumatlara inanırıq. Amma hansısa nazirlik və ya müəssisə öz statistik göstəricilərini düzgün təqdim etmirsə, bu, artıq geniş araşdırma tələb edir”.
Komitə sədri onu da qeyd edib ki, aparılan yoxlamalar nəticəsində bəzi faktlar təsdiqini tapır, bəziləri isə təkzib olunur:
“Hər bir müəssisədə, istər hesablama xidmətində, istərsə də digər orqanlarda araşdırmalar aparılır. Harada ciddi nöqsan və ya maliyyə çatışmazlığı aşkarlanırsa, sözsüz tədbirlər görülür. Xırda səhvlər olduqda isə tövsiyə və təkliflər verilir. Amma bir daha vurğulayıram, yalnız yoxlamaların nəticəsindən sonra konkret fikir söyləmək mümkündür”.
Kənd təsərrüfatı üzrə ekspertVahid Məhərrəmovisə hesab edir ki, Azərbaycanda aqrar sektordakı statistika ilə bağlı problemlər yeni deyil və illərdir bu sahədə manipulyasiyalara yol verilir:

Ekspertin sözlərinə görə, eyni hal bu gün kənd təsərrüfatı statistikalarında özünü göstərir:
“Məsələn, 2019-cu ildə keçmiş nazirin dövründə buğda istehsalı 2 milyon 100 min ton kimi göstərilmişdi. Halbuki bu il 1 milyon 580 min ton istehsal olunub. 600 min ton fərq böyük göstəricidir. Həqiqətən də Azərbaycan o qədər buğda istehsal etmişdimi? Əlbəttə yox. Əgər bu qədər istehsal olunsaydı, niyə 1 milyon 300 min ton buğda idxal edilirdi? Bu, mümkün deyil”.
Müsahibimizvurğulayıb ki, bəzi hallarda xaricdən kəsim üçün gətirilən heyvanlar yerli istehsal kimi təqdim olunur:
“Ölkəyə gətirilən heyvanlar burada kəsilir və daxili istehsal kimi göstərilir. Halbuki bu, doğru deyil. Həmçinin xaricdən gətirilən buğda burada emal olunur və tamamilə yerli istehsal kimi təqdim edilir. Şəkər, bitki yağı kimi məhsullarda da eyni vəziyyətdir. Yəni bu, ümumilikdə yanlış statistika yaradır”.
V.Məhərrəmov onu da diqqətə çatdırıb ki, bu kimi problemlər korrupsiya və saxtakarlıqla da əlaqəlidir:
“Bu yaxınlarda hətta bir sahibkar mənə dedi ki, Kənd Təsərrüfatı Nazirliyindən yoxlamaya gəliblər, bağın intensiv olub-olmadığını yoxlayıblar. Bağ adi olduğu halda, rüşvət müqabilində qurumuş budaqları gətirib yerə basdırmaq təklif olunub ki, güya bu intensiv bağdır və subsidiya ala bilsinlər. Bu kimi hallar statistik rəqəmləri şişirdir. Bəzi məmurlar öz sahələrini daha böyük göstərərək daha çox subsidiya alırlar. Nəticədə iqtisadi göstəricilər reallığı əks etdirmir”.
Kənd təsərrüfatı eksperti bu problemlərin aradan qaldırılması üçün ciddi kadr islahatlarının aparılmasının vacibliyinə də toxunub:
“Həm Kənd Təsərrüfatı Nazirliyində, həm Statistika Komitəsində, həm də yerli icra orqanlarında kadr islahatları aparılmalıdır. Əks halda, saxtakarlıq və rüşvət halları davam edəcək. Bu isə ölkə iqtisadiyyatına birbaşa mənfi təsir göstərir”.
Ekspertin sözlərinə görə, hazırda bəzi rayonlarda aparılan yoxlamalar nəticəsində istehsal və əkin sahələri ilə bağlı şişirtmələr də aşkarlanıb:
“Bəzi nöqsanlar üzə çıxacaq, amma ümumi vəziyyət yenə də real mənzərəni tam əks etdirməyəcək. Hazırda kənd təsərrüfatında vəziyyət çox acınacaqlıdır. Yalnız yoxlamalar yekunlaşdıqdan sonra yeni rəqəmlərin ortaya çıxması mümkündür”,- deyə V.Məhərrəmov fikrini tamamlayıb.


