“Bu nankorlar uzun illərdir ki, Oqtay Gülalıyevlə bir yerdədirlər” — Çingiz Qənizadə

MÜSAHİBƏ 12 dek 2019, 14:26

Beşinci çağırış Milli Məclisin deputatı Çingiz Qənizadə Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Çingiz müəllim, siz də hüquq müdafiəçisisiz. Hüquq müdafiəçisi olaraq sizin də fikirlərinizi bilmək istərdik. Hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı  mətbuatda gedən yazılardan xəbəriniz var. Bəzi müxalifət qüvvələri bu prosesi siyasiləşdirməyə çalışır. Siz bu barədə nə deyə bilərsiz?

 

- Təəssüf ki, Oqtay Gülalıyevlə bağlı Heydər Əliyev Fondunun göstərdiyi bu dəstəyi kifayət qədər qiymətləndirməyən qüvvələr peyda oldular. Oqtay Gülalıyevin bir avtoqəza nəticəsində vurularaq komaya düşməsini dərhal siyasiləşdirməyə çalışdılar. Çox təəssüf edirəm. Birinin faciəsi üzərində digərləri, xüsusilə, müxalifət və radikal müxalifət dərhal bundan siyasi divident əldə etməyə çalışdı. Bu prosesi təbliğat mənbəyinə çevirərək Oqtay Gülalıyevə qarşı dövlət tərəfindən sui-qəsdin edilməsi kimi fikirlər formalaşdırmağa çalışdılar. Yerində və zamanında Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin  səhhəti ilə bağlı məsələnin ağır olduğunu bilərək, onun müalicəsini öz üzərinə götürməsi və Oqtay Gülalıyevi dərhal müalicəsinin Türkiyədə davam etdirilməsi üçün xüsusi təyyarə çağıraraq qardaş ölkəyə  göndərməsi, bu cür insanların arzusunu ürəyində qoydu. Çox təəssüf ki, bundan sonra da müxtəlif vasitə və variantlarla bu cür humanist işə kölgə salmağa çalışdılar. Oqtay Gülalıyevin ailə üzvlərinə qədər gedib çıxaraq müxtəlif fikirlərin formalaşması üçün onlardan istifadə etməyə çalışdılar.

 

- Heç kimə sirr deyil ki, Heydər Əliyev Fondu bu cür humansit addımlar atmaqdadır. Sizcə, bəzi müxalifət dairələri bu cür yanlış fikirləri niyə formalaşdırırlar?

 

- Əvvəla qeyd edim ki, Heydər Əliyev Fondunun bu cür humanist dəstəyi təkcə Oqtay Gülalıyevlə bağlı deyil. Çoxsaylı insanlara Fond tərəfindən bu cür dəstəyin zaman-zaman şahidi oluruq. Bir çox insanların xəstəliyinin xərclərini üzərilərinə götürməklə xarici ölkələrə göndəriblər. Həmin adamlar müalicə olunaraq vətənə qayıdıblar. Təbii ki, bunu alqışlamaq lazımdır. Heydər Əliyev Fondu təkcə tibb sahəsində deyil, müxtəlif istiqamətlərdə  uğurlu nəticələrə imza atırlar. İstər musiqimizin, ədəbiyyatımızın, incəsətimizin inkişafında, istərsə də ayrı-ayrı vətəndaşlara bu və ya digər formada dəstək olunmasında, mənzillərin verilməsində, səhhətində problem olan insanlara dəstək göstərilməsi olduqca vacib və humanist addımdır. Təəssüf ki, müxalifət bu cür humanist işləri  görsə də, həzm edə bilmirlər.

 

- Hətta, Oqtay Gülalıyevin müalicəsi ilə bağlı  Heydər Əliyev Fondu tərəfindən yardımın dayandırılması ilə bağlı fikirlər də səslənib...

 

- Məlum oldu ki, bu da yalandır. Ağır durumda olan bir ailənin üzvlərindən də istifadə etməyə çalışan qüvvələr var. Bu, nankorluqdur. Nankorluğun ən iyrənc formasıdır. Onu qeyd etmək istəyirəm ki, bu günlərdə Heydər Əliyev Fondu tərəfindən ona kömək göstərilməsi ilə bağlı yeni qərarın qəbul olunması və prosesin davam etdirilməsi yenə də çirkin məqsədlərdən istifadə edən insanların arzusunu ürəyində qoydu. Hesab edirəm ki, bu, sırf avtonəqliyyat hadisəsidir. Bunu siyasiləşdirmək lazım deyil. Heç mümkün də deyil. Belə hesab edirəm ki, Heydər Əliyev Fondunun,  xüsusilə, Birinci vitse-prezident Mehriban xanımın tapşırığı əsasında gördüyü işlərə görə Fonda təşəkkür etmək lazımdır. Bunu kölgə altına almaq və yalançı məlumatlar verməklə bu xeyirxah işi gözdən salmağa çalışan insanların gözü kordur. Göstərdiyi bu yardıma və köməyə görə Fondun rəhbərliyinə xüsusən Mehriban xanıma təşəkkür edirəm. Eyni zamanda, Oqtay Gülalıyevə Allahdan şəfa diləyirəm. Onun ailəsinə isə möhkəm olmağı arzulayıram.

 

Bu cür yalançı siyasi divident əldə etmək istəyən nankor və gözü kor adamlar uzun illərdir ki, Oqtay Gülalıyevlə bir yerdədirlər. O adamlardan soruşmaq istəyirəm: Oqtay Gülalıyevə yardım üçün hansısa kampaniya yaradıblarmı? Onun hesabına pul köçürülməsi təşəbbüsündə bulunublarmı? Onun ailəsinə hansısa yardımları ediblərmi?! Bu gün Oqtay Gülalıyevə onminlərlə pul xərcləyərək yardım göstərən bir qurumun, Fondun fəaliyyətinə kölgə salmaq istəyənlər, görəsən, özləri 10 manat da olsa yardım göstəriblərmi? Sadəcə olaraq onlara səslənirəm ki, əgər vicdanları varsa, heç olmasa vicdanlarının səsinə qulaq assınlar və həqiqəti etiraf etsinlər. Yaxşı və xeyirxah, humanist işlərə kölgə salmasınlar.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top