"Türkiyənin bu mövqeyindən Kremlin qoxusu gəlir" — Hərbi ekspert

SİYASƏT 05 dek 2019, 14:28

Ramil Məmmədli: "Gözlənilən idi ki, Ankara Moskva ilə münasibətləri daha da dərinləşdirmək, Suriya və Yaxın Şərqlə bağlı olan müəyyən məsələlərdə Kremldən müəyyən siyasi dəstək almaq üçün Rusiyanın maraqlarına xidmət edən mövqe nümayiş etdirəcək"


"Hazırkı vəziyyətdə ABŞ-la birmənalı olaraq şərtlə, tələblə danışmaq o qədər də doğru deyil, çünki bu, Türkiyə üçün hansısa bir divident qazandırmayacaq"


Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, NATO Baltikyanı ölkələr və Polşa üçün müdafiə planı hazırlayıb. Lakin Türkiyə həmin planı dəstəkləməkdən imtina edir. Daha doğrusu, qardaş ölkə NATO-nun planını dəstəkləmək üçün Şimali Atlantika Blokundan onun Suriyanın şimalında YPG terror qruplaşmasına qarşı mübarizəsində daha çox siyasi dəstək verməsini və alyansdan rəsmi olaraq YPG-ni terrorçu qruplaşma kimi tanımağı tələb edir. Bu məsələ 3-4 dekabr tarixlərində NATO-nun Londonda keçirilən növbəti sammitində də əsas müzakirə mövzusu olub.


"NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir"


Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, NATO PKK-nın Suriya qanadı olan YPG/PYD yaraqlılarını terrorçu kimi tanımayacağı təqdirdə, ölkəsi alyansın Polşa və Baltikyanı ölkələrlə bağlı planlarını boykot edəcək: 


"Polşa prezidenti ilə danışdım. O dedi ki, Polşa və Baltikyanı ölkələrlə birlikdə ola bilərikmi? Mən də cavabında: "Məmnuniyyətlə, niyə də yox?" dedim. Lakin NATO-dakı dostlarımız bizim terrorçu adlandırdığımız və mübarizə apardığımız terror təşkilatlarının terrorçu olduğunu qəbul eləməsələr, biz NATO-nun atdığı bütün addımlara qarşı olacağıq". 


Ərdoğan həmçinin, NATO-nun təhlükəsizlik çətirinin Türkiyə üçün çox əhəmiyyətli olduğunu vurğulamaqla bərabər, Şimali Atlantika Blokunun yenilənməyə ehtiyacı olduğunu da qeyd edib: 


"2000-ci illərin baxışı ilə günümüzü qavraya bilmərik. NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir. Alyansın sərhədi olan cənub sərhədlərimizdə ölkəmizlə bərabər, Avropaya və bütün müttəfiqlərimizə təsir edəcək hadisələr yaşanır. Terrora qarşı mübarizədə ölkəmizə dəstək verilməsini istəyirik".


NATO Baltikyanı ölkələr və Polşa üçün müdafiə planından imtina etməyəcək


Beləliklə də Türkiyə NATO-nun qurulmasının 70 illiyi ilə bağlı Londonda keçirilən dövlət başçılarının sammitində, YPG-nin terror təşkilatı olaraq qəbul edilməyəcəyi təqdirdə alyansın Baltikyanı ölkələr və Polşa ilə bağlı müdafiə planına veto qoyacağını bəyan edib. Bu barədə teleqraf.com-da yer alan informasiyaya görə, ABŞ Pentaqon vasitəsilə Türkiyənin bu tələbinə dəstək verməyəcəyini ifadə edib. 


Belə ki, Pentaqon rəhbəri Mark Esper Türkiyənin əksinə olaraq, ölkəsinin YPG-ni terror təşkilatı kimi tanımadığını bildirib: 


"Bu müdaxilə planlarında yer almağımız lazımdır. Bu, onların xüsusi qayğıları səbəbindən əngəllənə bilməz". NATO-nun baş katibi Yens Stoltenberq isə zirvə toplantısı bitənə qədər Türkiyə ilə NATO arasındakı problemin həll ediləcəyinə söz vermədiyini deyib: 


"Mən söz vermirəm, fəqət bu, NATO-nun Baltik ölkələrini qorumaq planı yoxdur anlamını vermir". 


Eyni zamanda, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını və məsələ üzərində iş aparıldığını vurğulayıb. Stoltenberq NATO-nun ziddiyətlərin öhdəsindən gələcəyini də bəyan edib.


"Türkiyə YPG-nin terrorçu olaraq tanınmasını tələb etməkdə haqlıdır, lakin bunun hədə və şərtlə tələb olunması ABŞ, o cümlədən NATO-ya üzv olan digər ölkələrin xoşuna gəlməyəcək"


Mövzu ilə bağlı mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli isə "Hürriyyət"ə bildirdi ki, Türkiyənin bu mövqeyindən Kremlin strateji xəttinin qoxusu gəlir: 


"Gözlənilən idi ki, Ankara Moskva ilə münasibətləri daha da dərinləşdirmək, Suriya və Yaxın Şərqlə bağlı olan müəyyən məsələlərdə Kremldən müəyyən siyasi dəstək almaq üçün Rusiyanın maraqlarına xidmət edən mövqe nümayiş etdirəcək. Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, sözsüz burda Türkiyəni də haqlı hesab etmək olar. Çünki Türkiyə YPG kürd terror qruplaşmasının NATO ölkələri tərəfindən terrorçu olaraq tanınmasını tələb etməkdə haqlıdır. Lakin hesab edirəm ki, bunun bu şəkildə, yəni hədə və şərtlə tələb olunması ABŞ, o cümlədən NATO-ya üzv olan digər ölkələrin xoşuna gəlməyəcək. Və nəticədə Türkiyə həmin ölkələrlə onsuz da gərgin olan münasibətlərini daha da gərginləşdirəcək".


"Bu, sonda Türkiyənin Rusiya qarşısında tək qalması ilə nəticələnə bilər"


Hərbi-siyasi icmalçı bu qənaətdədir ki, Türkiyə YPG-nin NATO ölkələri tərəfindən rəsmi şəkildə terrorçu qruplaşma kimi tanınması ilə bağlı hər hansı addım atarkən bir qədər incə davranmalı, siyasi gedişlərə diqqət yetirməli idi: 


"Hesab edirəm ki, hazırkı vəziyyətdə ABŞ-la birmənalı olaraq şərtlə, tələblə danışmaq o qədər də doğru deyil. Çünki bu, Türkiyə üçün hansısa bir divident qazandırmayacaq. Əksinə, uzun illərdən bəri formalaşmış müttəfiqliyi və müttəfiqlərini itirə bilər. Bu isə sonda Türkiyənin Rusiya qarşısında tək qalması ilə nəticələnə bilər. Qeyd edim ki, 1945-46-cı illərdə Türkiyə məhz belə bir vəziyyətə görə Rusiya, daha doğrusu SSRİ qarşısında tək qalmışdı. O zaman NATO ölkələri, xüsusilə də ABŞ Türkiyəni SSRİ-nin ilhaqından xilas etdi. Bu, tarixi proseslərdən məlumatı olan insanlara bəllidir. Onu da nəzərinizə çatdırım ki, heç zaman Türkiyənin siyasəti birmənalı olmayıb. Əminəm ki, müəyyən dövrdən sonra Türkiyənin NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planı ilə əlaqədar dediyi fikirlərlə bağlı addımlar atmayacaq. Yəni Türkiyə bu dediyi sözlərin davamını gətirməyəcək. Ya fikirlərində yanlışlığa yol verdiyinə görə geri çəkiləcək, ya da ABŞ hansısa məsələlərlə bağlı Ankaranı razı saldıqdan sonra artıq bu, ikinci plana keçəcək".


"Baltikyanı ölkələrin və Polşanın NATO tərəfindən müdafiəsinin gücləndirilməsi həm ABŞ-ın, həm də Şimali Atlantika Blokunun strateji xəttinə aiddir"


Ramil Məmmədlinin sözlərinə görə, YPG-nin NATO tərəfindən rəsmi şəkildə terror qruplaşması kimi tanınması artıq növbəti mərhələdə alyansa üzv olan ölkələrin həmin terror qruplaşmasına qarşı əməliyyatlara başlaması deməkdir: 


"Bu isə ABŞ və İngiltərənin həmin regionda strateji siyasi xəttinə zidd olan məqamdır. Bu səbəbdən də inanmıram və görünən də odur ki, bu, baş verməyəcək, NATO YPG-ni terror təşkilatı kimi tanımayacaq. Bu zaman Türkiyənin siyasi imicinə müəyyən xələl gələ bilər. Qeyd edim ki, Türkiyə Hərbi Hava Qüvvələri 2015-ci ildə Rusiyanın "SU-24" döyüş təyyarəsini vurduqdan sonra Moskvaya qarşı səsləndirilən ittihamlar və sonda Ərdoğanın Putinə "şanlı məktubu", bunun ardınca Rusiya prezidentinin onun imperiyanın qədim paytaxtında - Sank-Peterburqda qəbul etməsi, bunların hamısı Türkiyənin siyasi imicinə mənfi təsir edən amillərdir. Ola bilər ki, müəyyən dövr keçib və yaddan çıxıb, lakin məlum hadisələrdir. Buna görə də hesab edirəm ki, Türkiyənin NATO-nun Baltikyanı ölkələr və Polşa üçün müdafiə planı ilə bağlı açıqlamasını o qədər də ciddi qəbul etmək lazım deyil. Çünki Baltikyanı ölkələrin və Polşanın NATO tərəfindən müdafiəsinin gücləndirilməsi həm ABŞ-ın, həm də Şimali Atlantika Blokunun strateji xəttinə aiddir. Orada yerləşdirilən raket sistemləri, hava hücumundan müdafiə sistemləri, həmçinin taktik raket kompleksləri və digər hərbi təyinatlı qurğular birbaşa Rusiyanın milli təhlükəsizliyinə xələl gətirir, Sank-Peterburq və Moskvaya istiqamətlənib. Bu səbəbdən də çox təəssüf edirəm ki, Türkiyə belə bir açıqlama verib. Ancaq Türkiyənin bu mövqeyini davam etdirə biləcək gücdə olmadığına da əminəm".(Hurriyyet.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top