Gündəm

Hadi Rəcəbli: “Milli Məclisin yenilənməsinin tərəfdarıyıq”

Hadi Rəcəbli: “Milli Məclisin yenilənməsinin tərəfdarıyıq”

“Milli Məclisin deputatları Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi islahatları dəstəkləyir. Biz vəzifədən ikiəlli yapışmamışıq, məqsədimiz dövlət başçısının gördüyü işlərə dəstək verməkdir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat qeyd edib ki, islahatlar bütün sahələrdə, strukturlarda aparılır: “Biz Milli Məclisin bu islahatlardan yan keçməsini istəmirik. Düşünürük ki, Milli Məclis də yenilənməlidir. Milli Məclisin buraxılması ilə bağlı müraciətimizin də əsasında parlamentin yenilənməsi dayanır”.

H.Rəcəbli növbədənkənar parlament seçkilərində iştirakla bağlı suala belə cavab verib: “YAP-ın əsgəriyəm. Seçkilərdə iştirakla bağlı qərarı partiya verir. Biz seçkiyə partiyanın dəstəyi ilə gedirik, partiya dəstək verməyəcəksə, seçkidə iştirak etməyəcəm. Yeni Azərbaycan Partiyası ölkədə aparıcı partiyadır, ona görə də irəli sürdüyü namizədlər də uğur qazanır”

Qeyd: Milli Məclisdə YAP-ı təmsil edən digər deputatlar da seçkidə iştirakla bağlı partiyanın qərarını gözlədiklərini qeyd ediblər. Bildirilib ki, YAP-ın qərarına uyğun addım atılacaq.

Xatırlatma: YAP Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Milli Məclis tərəfindən Azərbaycan Prezidentinə müraciət ünvanlanmalıdır. Daha sonra dövlət başçısı parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin elan olunması ilə bağlı sərəncamlar imzalayacaq. (Pravda.az)

D
demokrat.az