“Zaman-zaman Azərbaycanın İranla bağlı müəyyən sualları var idi ki, İran da həmin sualların aradan qaldırılması üçün çalışır. Həmçinin səfirliyimizdə törədilən hadisə ilə bağlı suallar var idi və İran lazımi addım atdı”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib.
O bildirib ki, Azərbaycan–İran münasibətlərində inkişaf dinamikası müşahidə olunur və son zamanlar bu proses daha da intensivləşib:
“İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərini qeyd edə bilərik. İran prezidenti Məsud Pezeşkianın Bakı səfəri də bir sıra müsbət məqamlarla yadda qaldı. 120 nəfərlik böyük bir heyətlə səfər baş tutdu. Bütün bunlar göstərir ki, İranda müəyyən dairələr anti-Azərbaycan rəyi formalaşdırmağa çalışsalar da, ölkənin siyasi rəhbərliyi bu münasibətlərin inkişafında maraqlıdır. Pezeşkianın çıxışı zamanı da bu məsələ dilə gətirildi”.

Deputat bildirib ki, Azərbaycanın İranla bağlı müəyyən gözləntiləri var və bu gözləntilər hansısa mövqenin sərgilənməsindən daha çox, real addımların atılması ilə bağlıdır:
“Azərbaycan və İran münasibətlərinin inkişafına xidmət edən bir sıra inteqrasiya layihələri var ki, həmin layihələr İran tərəfindən icra olunur. Xüsusən də Araz dəhlizi ilə bağlı məqamlar diqqətəlayiqdir. Yəni İran bütün müstəvilərdə bu münasibətlərin inkişafında maraqlı olduğunu dilə gətirir və bununla bağlı zəruri addımlar atır.
Bakı və Tehran münasibətlərində inkişaf tempinin artırılması üçün geniş potensial mövcuddur. Bu faktorlardan biri də Şimal–Cənub dəhlizidir. İran da bu dəhlizin tam gücü ilə işləməsində maraqlı olduğunu bəyan edir. Tehranla münasibətlərin yaxşılaşdırılması üçün imkanlar var, xüsusən də İran tərəfindən atılan addımlar bunu sübut edir. Həmin inkişaf strategiyasına mane olan məsələlər var idi ki, onlar da tədricən aradan qaldırılır”.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün edam olunub.
Cavidan Mirzəzadə Demokrat.az


