Gündəm Özəl

Rusiyanın iri şəhərlərinə də uçuşlar dayandırılır? — AÇIQLAMA

Rusiyanın iri şəhərlərinə də uçuşlar dayandırılır? — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb. "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti bildirib ki, J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod və Vladiqafqaz hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Rusiyanın digər şəhərlərinə də uçuşların dayandırılması məsələsinə turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında aydınlıq gətirib:

“Rusiyanın böyük şəhərinə uçuşlar dayandırılmayıb. Gəliş-gediş var. İstənilən halda, insanların təhlükəsizliyi birinci yerdə gəlməlidir. Turizmdə də, digər sahələrdə də ən prinsipial məsələ bu olmalıdır. Düşünürəm ki, AZAL Rusiyanın iri şəhərlərinə uçuşları aktiv saxlayacaq. Lakin ola bilər ki, bir sıra digər istiqamətlərdə də uçuşlar ləğv olunsun. Ciddi bir təhlükə olmasa, aktiv reyslər üzrə uçuşlar həyata keçiriləcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova