“Zəngəzur dəhlizinin açılması regiona canlanma gətirəcək. Fəal inteqrasiya dövrünə aid əsas proqramlardan biri də yeni dəhlizlər, yeni keçidlər, yeni kommunikasiyaların inşa edilib istifadəyə verilməsidir. Ermənistan yeganə dövlətdir ki, bu prosesdə astagəl davranır. Ona havadarlıq edən İran da eyni siyasəti yürüdür. Belə layihələrdən qorxmaq yox, hərəkət etmək lazımdır. Üçtərəfli bəyannamədə də bu məsələ xüsusilə diqqətə gətirilmişdi. Dəhliz mütləq açılmalıdır. Ermənistan hərbi məğlubiyyətindən sonra çalışır ki, iqtisadi zəmində problemlər yaratsın. Ermənilərin fikrincə, guya Çin Xalq Respublikası da dəhlizə zidd mövqedədir”.
Bu sözləri Demokrat.az-a politoloq Tofiq Abbasov deyib: 
Politoloq bildirib ki, Ermənistanın qayəsi ondan ibarətdir ki, bölgədə “tormoz” rolunu oynasın:
“Bu müvəqqəti çətinlikdir. Ermənistan istəsə də, istəməsə də bu prosesdə iştirak etməyə vadar ediləcək.Azərbaycan bu barədə sıxıntı yaşamır. Bizim İran variantımız var. Biz boş yerə İranla saziş bağlamamışıq. Həmin ərazi Zəngəzur dəhlizinin alternativi belə yox, şaxəsidir. Heç bir çətinlik çəkmədən daşımaları İran vasitəsi ilə də edəcəyik. İtirən Ermənistan olacaq. Ermənistan öz xeyrindən belə əl çəkməyə razıdır. Təki Azərbaycan və Türkiyə üçün problem yaratsın. Bölgədə Rusiyanın da marağı var. Görürük ki, Rusiya ilə İran arasında dəhlizlə bağlı çəkişmələr var. Hər bir dövlətin məsələyə fərqli baxışı var. Bizim baxışımız şəffadır. Biz postmüharibə dövründə insanlar üçün yeni imkanlar yaratmağa çalışırıq”.
Əfsanə Kamal Demokrat.az


