"Mədəniyyət sahəsində ciddi islahatlar aparılır.
Qarşıdakı 10 il müddətində bütün sektorlar kimi mədəniyyət sektorunda da sürətli rəqəmsallaşma meylləri görünür. Bu meyllər keyfiyyətli inkişaf üçün fürsət yaradır. Rəqəmsal cəmiyyət ənənəvi mədəniyyət formatını dəyişdirərək mədəniyyəti rəqəmsal prizmadan təqdim edir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi qələbəsindən sonra ölkəmiz müasir reallıqlar fonunda daha böyük transformasiya mərhələsinə keçid edir. Transformasiya ənənəvi hökumətdən rəqəmsal hökumətə keçid, ənəvi iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata keçid yaratdı. Hazırda bütün sektorlarda rəqəmsallaşma üzrə işlər gedir. Yeni nəsil insanlar mədəniyyəti rəqəmsal prizma vasitəsi ilə qəbul edir. Rəqəmsallaşma ölkəmizin sosial-iqtisadi prioritetinə çevrilib. Rəqəmsallaşma bütün sahələrdə insanların gündəlik həyatına nüfuz edir".
Demokrat.az xəbər verir ki, bu sözləri Mədəniyyət nazirinin müavini Səadət Yusifova "e-Culture" rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərə dair ictimai təqdimatda deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma iqtisadi-ictimai münasibətlərin ayrılmaz tərkib hissəsi kimi mədəniyyətin də ayrılmaz tərkib hissəsinə çevrilir. Ona görə də Mədəniyyət Nazirliyinin "e-Culture" rəqəmsal inkişaf strategiyası təsdiq edilib. Strategiyanın icrasına dair işlər başlayıb.
Strategiya çərçivəsində 10 prioritet istiqamət haqqında danışan müavin mədəniyyət sahəsində ediləcək yeniliklərdən danışıb.
"Prioritet istiqamətlər mədəniyyət sahəsində yeni texnologiyaların istifadə olunması, mədəniyyətin rəqəmsallaşdırılması və təkmilləşdirilməsi, mədəniyyət sahəsində xidmətlərin ekranlaşdırılması və digər sahələri özündə ehtiva edir. Bütün bunlar rəqəmsallaşmanın əsas tərkib hissəsidir".
Mehriban Mirzəzadə Demokrat.az


