Xəbər verdiyimiz kimi Şuşada "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbir keçirilib. Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov tədbirdə çıxış edərək deyib ki, Azərbaycanda sağlamlıq turizmi üçün potensial yüksəkdir. K.Qasımov keyfiyyət məsələsində bəzi çatışmazlıqların mövcud olduğunu da bildirib. Bunların aradan qaldırılması üçün addımlar atılacağını əlavə edərək bununla bağlı işçi qrupunun yaradılmasını təklif edib.
Turizm məsələləri üzrə ekspert Cabir Dövlətzadə “Demokrat”a açıqlamasında bildirdi ki, Azərbaycanda sağlamlıq turizminin potensialı çox genişdir:
"Bilirsiniz ki, sovet dövründən etibarən, 1960-cı illərdən Naftalan və Kəlbəcərdəki İstisu sanatoriyaları mövcud olub. Bu sanatoriyaların fəaliyyəti elə sağlamlıq turizminin əsasını təşkil edirdi. Bu sanatoriyalar o zamanlar təkcə ölkə daxilində deyil, SSRİ-nin digər respublikalarında da məşhur idi və çoxsaylı insanlar bu sanatoriyalara müalicəvi turizmdən faydalanmağa gəlirdilər. Azərbaycan hələ sovet dövründən sağlamlıq turizmi ilə tanınırdı. Sovetlər dağıldıqdan və Kəlbəcər digər ərazilərimizlə birlikdə Ermənistan tərəfindən işğal olunduqdan sonra yalnız Naftalan sanatoriyası fəaliyyət göstərirdi. Ölkəmiz inkişaf etdikcə Naftalanda sağlamlıq turizmi üçün imkanlar daha da yüksəldi, xarici turistlərə tanıtım edildi, post-sovet respublikalarından da, eləcə də Mərkəzi Avropadan gələnlərin sayı hər il artmağa başladı. Naftalanda böyük otel kompleksləri açılıb. Bu da Naftalanda sağlamlıq turizminn inkişafına müsbət təsir edir. Torpaqlarımızın işğaldan azad edilməsiylə Kəlbəcərin məşhur müalicəvi məkanları da artıq sağlamlıq turizminin bir hissəsinə çevrilir.
Hesab edirəm ki, hazırda ölkəmizdə təkcə müalicəvi turlar deyil, həmçinin rekreasiya turizmi üçün də geniş imkanlar mövcudddur. Rekreasiya turizmi bilirsiz ki təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunmasıdır. Sağlamlıq turizminin bu növü sağlamlığı məhdud olan şəxslərin istirahəti, sağlamlıqlarının bərpası üçündür. Azərbaycanın təbiəti üçün də uyğundur. Təbiət qoynunda istirahət, müəyyən təbii şəraitin olması, sağlamlıq imkanı məhdud olanlara müsbət təsir göstərir. Bundan başqa bizdə arı terapiyası – api-terapiya müalicəsi də mövcuddur. Bu əsasən Qəbələ və İsmayıllı bölgəsində var. Amma bu sahə üzrə mütəxəssislərə ciddi ehtiyac var. Bu ölkəmizdə sağlamlıq turizminin şaxələnməsinə gətrib çıxaracaq. Sağlamlıq turizminin inkişafı istiqamətində dövlət səviyyəsində işlər görülür. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra bu sahədə nəzərəçarpan inkişaf görünəcək.
Azəbaycana rəğbət hər keçən gün artır. Ölkəmizdə sağlamlıq turizmi üçün münbit şərait olduğu məlumdur. Sağlamlıq turizmi yenilənmş trenddr. Turizmin bu növü ümumilikdə ölkəmizdə turizmin inkişafı üçün böyük təkan olacaq".
Törə Zeynallı Demokrat.az


