“Gürcüstanda keçirilən parlament seçkilərində azərbaycanlıların kompakt yaşadığı rayonlarda daha çox fəallıq müşahidə olundu. “Gürcü Arzusu” Partiyasının qalib olması Gürcüstan xalqı üçün təntənəli hadisədir. Xalq müharibə istəmədi, sabitliyi, firavanlığı, xoş qonşuluq münasibətlərini seçdi. Qərb Gürcüstana ayırdığı maliyyə vəsaitlərini donduraraq onu ölkədəki müxalifəyə yönəltmişdi. Qərb “məxməri inqilab” etməklə proksi qüvvələri hakimiyyətə gətirib gələcəkdə Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirdi. Amma buna nail ola bilmədi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. E.Həsənov seçkilərdə azərbaycanlıların böyük dəstəyini vurğulayaraq bildirib ki, Azərbaycan dövləti də bu seçkilərdə Gürcüstan hakimiyyətini dəstəkləyirdi:
“Azərbaycanlı ziyalılar Borçalıda, Qardabanidə əhali ilə görüşlər keçirirdi. Əhalinin əksəriyyəti hakim partiyanı dəstəkləyirdi. Saakaşvilinin dövründə torpaq islahatı keçirildi. Nəticədə azərbaycanlıların sahibi olduğu torpaqlar başqa şəxslərə, şirkətlərə satıldı, kəndlilər torpaqsız qaldılar. Bu torpaqlar sonradan da onlara qaytarılmadı. Xüsusilə Saakaşvilinin dövründə azərbaycanlılar vergi ilə təhdid edilib, kiçik sahibkarlarla qarşı haqsızlıq edilib, cərimə olunublar. İndiki hakimiyyət isə ölkədə sahibkarlara normal şərait yaradıb, azad iqtisadi mühit var. Müsəlman dini icmasına Gürcüstanda fəaliyyət göstərən 190 məscidin təmiri, orada işləyən şəxslərin əməkhaqqısının ödənməsi üçün vəsait ayrılıb. 3 milyon 600 min lari civarındadır bu məbləğ”.
Politoloq qeyd edib ki, azərbaycanlıların böyük bir qisminin hakim partiyaya səs verməsində Azərbaycan dövlətinin apardığı siyasətin böyük rolu var:
“Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza dəstək olub, qayğı göstərib. SOCAR təqaüdü ilə azərbaycanlı gənclər ali məktəblərdə təhsil alırlar. Düşünürəm ki, seçkilərdə aktiv iştirak edən soydaşlarımızın dövlət qurumlarında işləməyə haqqı var. İnanıram ki, Gürcüstan dövləti bunu nəzərə alacaq və gələcəkdə azərbaycanlılar orada lazımı vəzifələrdə çalışacaqlar”. Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən E.Həsənov əlavə edib ki, yeni seçilən parlament bundan sonra da bu münasibətlərə qiymət verəcək: “Düşünürəm ki, Gürcüstan-Azərbaycan münasibətləri daha da inkişaf edəcək. Bunu istəməyən qüvvələr mövcud olsa da, onlar məqsədlərinə çatmayacaqlar”.
Törə Zeynallı Demokrat.az


