Şirvan şəhərində 1983-cü il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səidəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 21-də baş verib. İlqar həmin gün saat 18 radələrində yaşadığı evin həyətyanı sahəsində Səidə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş verib. Mübahisə zamanı qəsdən Səidəni yumruqla üz nahiyyəsinə bir neçə dəfə vurub.
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hər gün səhər saatlarında yaşadığı evdən çıxaraq dostları ilə görüşüb, çayxanaya gedir, bəzən evə gec vaxtlarda gəlir: “Bu səbəbdən arvadım Səidə ilə aramızda tez-tez münaqişələr yaranır. Aprelin 21-də, axşam saat 18 radələrində yaşadığı evə getdim. Həyətyanı sahədə olan zaman arvadım mənə gündəlik olaraq evə tez gəlməyimi bildirdi. Sonra mən Səidəyə evə gəlməyim ilə bağlı bir daha bir söz deməməsini bildirdim. Həmin vaxt Səidə ilə aramızda münaqişə yarandı. Münaqişə zamanı Səidə ünvanıma nalayiq ifadələr işlətdi. Bundan sonra Səidəyə nalayiq ifadələrinə son verməsini bildirdim. Lakin Səidə nalayiq ifadələr davam etdi. Həmin vaxt əsəbləşərək Səidəyə yaxınlaşaraq onun dodaq nahiyyəsinə bir neçə dəfə yumruqla vurdum. Etdiyim əməldən peşmanam. Səidə ilə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, əri İlqar gündəlik olaraq evə gec saatlarda gəlir: “Mən hər dəfə İlqardan evə tez gəlməsini və mənə vaxt ayırmasını xahiş etsəm də, İlqar isə əksinə mənimlə bu səbəbdən münaqişələr yaradır. Aprelin 21-də, axşam saat 18 radələrində İlqar yaşadığımız evə gəldiş. Həmin vaxt mən həyətyanı sahədə tək olmuşam. İlqar həyətə daxil olduqdan sonra gündəlik evə tez gəlməsini söylədim, bizə vaxt ayırmasını xahiş etdim. Lakin İlqar mənim xahişimdən sonra qışqırmağa başladı. Mənə “evə gec və ya tez gəlməyimi heç bir aidiyyətinin olmadığını” dedi. Məni söyüb, təhqir etdi. İlqardan nalayiq sözlərinə son verməsini xahiş etsəm də, mənə məhəl qoymadı. Dodaq nahiyəmə bir neçə dəfə yumruqla zərbə vurdu. Bundan sonra özümü itirdim və yerə yıxıldım. Həmin günü evdən çölə çıxmadım. Lakin növbəti gün İlqarın mənə xəsarət yetirməsi ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim”.
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulub. Hökmün icrası Şirvan Şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


