ABŞ-da yaşayan azərbaycanlı gənc, “Recepta” startup-nın icraçı direktoru və həmtəsisçisi Rauf Heydərli kağız qəbzlərlə bağlı unikal layihə irəli sürüb.
Demokrat.az xəbər verir ki o, öz layihəsi haqqında İctimai Televiziyanın “Xəbərimiz var” proqramına danışıb:
" Layihəmiz ənənəvi kağız qəbzləri elektron qəbzlərlə əvəz edən platformadır. Hər hansı bir alış-veriş zamanı bizə qəbzlər təqdim olunur. Onların 93%-i təkrar emal edilə bilmir. Çünki onların tərkibində emala icazə verməyən maddə var. Bunlarla mübarizə aparmaq üçün sahibkarlara kağızların elektron alternativini təqdim edirik".
Startapçının sözlərinə görə, bir həftə olmasına baxmayaraq layihəyə böyük sayda istifadəçi cəlb edilib:
"Biz çalışırıq ki, trendləri özümüz izləyək. Mütəmadi olaraq görürük ki, insanlar geri dönüş edib, yeni qəbzlər "skan" edirlər. Bu, bizim üçün sevindirici haldır. Müştərilər üçün dəyər yaradırıq".
O, ideyaları olan gənclərə tövsiyələr verib:
"Gənclərə ideyalarına inanmağı, başlamağı və ideyalarının arxasınca getməyi tövsiyə edirəm. Bəzən olacaq ki, mənfi geri dönüşlər alacaqlar. Bir yolunu tapıb davam etmək və düzgün komanda seçmək lazımdır. Komanda startapın 50%-dən də çoxu deməkdir".
Maliyyə dəstəyi haqqında danışan startapçı qeyd edib ki, həmçinin investorlar gənc startapçılara dəstək olmalıdır. Çünki yeni və uğurlu ideyaların reallaşması üçün maliyyə dəstəyi vacib məqamdır.
Qeyd edək ki, layihə 2022-ci ildə "Teknofest" qalibi olub. O zamanlar ideya mərhələsində olan layihə artıq yerli sahibkarlar tərəfindən bəyənilir, tətbiq edilir.



