Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatı keçirilib.
Layihə rəhbəri Qəzənfər Bayramov tədbiri giriş sözü ilə açıb.
Bildirib ki, müasir Türkiyədə demokratik çoxpartiyalı siyasi sistemin yaranımasında və bərqərar olmasında rol oynamış azərbaycanəsilli şəxslərin, o cümlədən Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Əziz Alpout, İbarahim Cahangirzadə, Əli Əkbər Tufan və başqalarının fəaliyyətinin öyrənilib təbliğ edilməsinə ehtiyac var. 
Təqdimata internet üzərindən qatılan İqdır Cümhuriyyətinin qurucusu Hacı Ələkbər Ramazanoğlunun nəvəsi Ələkbər Tufan yeni kitabın çap edilməsində əməyi olan hər kəsə minnətdarlığını çatdırıb. 
Kitabın ideya müəllifi Cəmaləddin Quliyev yazdığı ön sözdə qeyd edib ki, azərbaycanəsilli ziyalılar Türkiyənin ictimai-siyasi həyatının sadəcə iştirakçıları deyildilər, onlar həm Osmanlı, həm də yeni Türkiyənin ictimai-siyasi fikrinə, milli siyasi konsepsiya və ideologiyasının formalaşmasına, institusionallaşmasına təsir edən, türk siyasətinə yeniliklər, fərqli mövzular gətirən yeni ideoloji axınlar yaratmağa qadir ideoloqlar olmuşlar:
“Keçmiş İrəvan (İrəvan və Naxçıvan xanlıqları) və Qars quberniyalarının sakinləri olan azərbaycanlılar Türkiyədə siyasi partiya quruculuğuna töhfə vermiş, daha doğrusu, Difai və Müsavatın yerli filialları buralarda siyasi fəaliyyətin ilk işartıları olmuşdu. Eyni şəxslər sonralar CHP-nin, daha sonralar qurulacaq yeni partiyaların həmin bölgələrdə ilk üzvləri və yerli təşkilat sədrləri olmuş, beləliklə, hazırda Türkiyənin şərq bölgələrində siyasi iştirakçılıq mədəniyyəti gətirmişlər. Məhz azərbaycanlılar həmin bölgələrdə ilk vətəndaş cəmiyyəti, insan haqları, qadın haqları təşkilatları qurmuşlar. Onların xidməti yalnız bununla da bitmir. Türkiyənin şərq vilayətləri - indiki Qars, İqdır, Ağrı, Ərdəhan, müəyyən qədər Ərzurum və Çorum vilayətləri uğrunda Ermənistan, Rusiya, Gürcüstan illər uzunu Osmanlı, sonra Türkiyə Respublikasına qarşı amansız müharibələr aparmış, davamlı təxribatlar törətmişdilər. Osmanlının I dünya savaşından məğlub kimi çıxması səbəbindən ordunun lazımi gücü olmadığından yerli əhalinin mübarizəsinin, siyasi baxımdan təşkilatlanmasının, özünümüdafiə dəstələri təşkil etməsinin, ən əsası, gələcəkdə tərkibində olmaq istədikləri dövlətlə bağlı tərəddüdsüz seçimlərinin həmin ərazilərin taleyində müstəsna rolu vardı”. 
Kitabın həmmüəllifi Asif Nərimanlı bildirib ki, bu kitab mühacirət tariximizə yeni yanaşmanın gəlməsi, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni Türkiyədə davam etdirən azərbaycanəsilli siyasətçilərin həm də qardaş ölkənin siyasi-ideoloji quruculuğunda mühüm rol oynadığı tarixinə işıq tutmaq baxımından əhəmiyyətli mənbədir.
Tarixçi Rasim Mirzəyev, layihənin Türkiyə koordinatoru Ramiyə Məmmədova, tarixçi alim Məshəti Əliyeva, politoloq, DİA dosenti Zaur Məmmədov, Diaspora TV rəhbəri və kitabın redaktoru Niyaz Niftiyev, Vizion TV baş redaktoru Şöhrət Əliyev və başqa iştirakçılar öz çıxışlarında kitabın ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, kitab tərcümə edilərək digər dillərdə təqdim edilməli, XX əsrin əvvəllərində Azərbaycanın və Türkiyənin, bütövlükdə Şərqin siyasi tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətlərimiz daha çox tanıdılmalı, bu təqdqiqatlar daha geniş dövrü və coğrafiyanı əhatə etməlidir./Publika.az


