QHT.az- a özəl açıqlama verən Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, qeyri-hökumət təşkilatlarının (QHT) iqlim dəyişikliyi ilə mübarizədəki aktiv rolundan bəhs edib. O, QHT-lərin bu sahədə bir çox layihələr həyata keçirdiyini, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini vurğuladı.
R.Zeyni qeyd etdi ki, QHT-lər iqlim dəyişikliyi ilə bağlı məsələləri diqqətdə saxlayır, bu sahədə beynəlxalq qurumlarla birgə tədbirlər keçirirlər. Xüsusilə, qarşıdan gələn COP 29 tədbiri çərçivəsində Azərbaycan QHT-ləri də geniş hazırlıq işləri görür. "Bu tədbir Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük və ən miqyaslı beynəlxalq tədbirlərdən biridir," - deyə o əlavə etdi. Tədbirə indiyədək 40 minə yaxın iştirakçı və 5 minə yaxın media qurumunun nümayəndəsi qeydiyyatdan keçib.
Bundan əlavə, Rauf Zeyni, Milli QHT Forumunun təşəbbüsü ilə iqlim dəyişikliyi üzrə beynəlxalq platformanın yaradıldığını və bu platformada onlarla ölkədən yüzlərlə QHT-nin təmsil olunduğunu bildirdi. O, həmçinin, gənc aktivistlərə bu cür beynəlxalq tədbirlərdə iştirak etməyi tövsiyə edərək, bunun onların karyera qurmasında və beynəlxalq mühitə inteqrasiya olmasında əhəmiyyətli rol oynayacağını vurğuladı.
R.Zeyni sonda Azərbaycan gənclərinin belə tədbirlərdə öz bilik və bacarıqlarını nümayiş etdirərək, ölkəmizi layiqincə təmsil edəcəklərinə və beynəlxalq aləmə töhfə verəcəklərinə inandığını ifadə etdi.


