Gündəm

"Radikal müxalifət qanunları ayaq altına atıb tapdalayır" — YAP-çı deputat

Radikal müxalifət qanunları ayaq altına atıb tapdalayır — YAP-çı deputat

Milli Şuranın oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının önündə keçirdiyi razılaşdırılmamış aksiya müzakirələrə səbəb olub.

Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq vermişdi. Lakin Milli Şura rəhbərliyi və onun tərəfdarları Bakı metrosunun “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirdi.

Aksiyadan sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞPİ) məlumat yaydı.

Məlumatda bildirilirdi ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla, 60 nəfər saxlanılıb.

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilib. Toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”, - deyə məlumatda qeyd olunub.

Avropa İttifaqı isə bəyanatında qeyd edib ki, onlarla insan saxlanılıb. Lakin Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avropa İttifaqına cavab olaraq deyib ki, qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O qeyd edib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunub.

“Sərbəst toplaşmaq haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən, müvafiq ali hakimiyyət binalarının 200 metr radiusunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər.

Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edilir.

L.Abdullayevanın sözlərinə görə, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. XİN rəsmisinin fikrincə, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb.

L.Abdullayeva Avropa İttifaqını Barselonada baş verən hadisələrə, dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməyə çağırıb:

“Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər öldürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar var.

Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”.

D
demokrat.az