“Türkiyədə yaşanan növbəti güclü zəlzələ insanları təşvişə saldı. Davamlı olaraq afterşoklar baş verəcək. Türkiyə tektonik baxımdan çox mürəkkəb bir regiondur. Bir neçə nəhəng qırılmaların qovşağında yerləşir və bir-birilə əlaqədə olan bu qırılmalar hərəkətə gəlir. Hələ ki, bu proses səngimədən davam edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin nəzdində Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükə şöbəsinin struktur bölməsinin müdiri Qulam Babayev deyib. Baş verən zəlzələnin Azərbaycana təsirinə gəlincə isə, seysmoloq qeyd edib ki, Azərbaycan ərazisi də seysmik zona kimi səciyyələnir:
“Amma Azərbaycanın öz seysmik təzahürü var, seymoaktivlik Türkiyədəkindən fərqlidir. Türkiyə ərazisi nəhəng tektonik blokun üzərindədir. Bu blok Türkiyədən Ermənistana, Gürcüstana, Azərbaycana, Türkmənistana qədər uzanır, yəni nəhəng bir coğrafiyanı əhatə edir. Amma buna baxmayaraq yerdəyişmələr elə də sürətlə getmir, aktivdir, hər zaman da aktiv olacaq, amma o dərəcədə sürətli deyil. Türkiyə, Yaponiyanın misalında bunu görə bilərik”. Q.Babayev söyləyib ki, Türkiyədəki zəlzələ Azərbaycana təsir göstərə bilməz:
“Amma seysmik aktivlik bizim bölgədə də davam edir. 2024-cü ilin 10 ayı ərzində müxtəlif səviyyələrdə hiss olunan zəlzələlər Azərbaycanda baş verdi. Hesablamalarıma əsasən 2025-ci ildə də bu aktivlik davam edəcək, nəinki Azərbaycanda, bütün dünyada və biz hissolunan zəlzələlər müşahidə edəcəyik”.
Törə Zeynallı Demokrat.az


