Meksikanın keçmiş təhlükəsizlik naziri Qarsiya Luna ABŞ-da 38 il həbs cəzası alıb.
Meksikanın keçmiş ictimai təhlükəsizlik naziri, eyni zamanda narkotik kartellərinə qarşı mübarizəyə rəhbərlik edən Cenaro Qarsia Luna ABŞ-da narkotik alverçilərindən rüşvət aldığı üçün 38 il müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Qarsia Luna Meksika hüquq-mühafizə orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb. 2001-ci ildən 2006-cı ilə qədər o, Federal Təhqiqat Agentliyinə rəhbərlik edib, sonra isə 6 il ictimai təhlükəsizlik naziri vəzifəsində çalışıb. Məmur adını daha çox polis sıralarında korrupsiyaya qarşı mübarizə apararaq tanıdıb. Xüsusilə də bu mövzuda bir neçə kitab yazıb.
İstefa verdikdən sonra Qarsia Luna ABŞ-a köçüb və burada 2019-cu ildə o, Sinaloa kartelinin lideri Xoakin Şorti Quzman da daxil olmaqla narkotik kartellərindən rüşvət almaqda ittiham edilərək həbs olunub.
Prokurorluq eks-məmurun ömürlük azadlıqdan məhrum edilməsini tələb etsə də, məhkəmə 38 il həbs cəzası kəsib. Öz növbəsində, Qarsia Lunanın vəkilləri narkotik kartellərinin üzvlərinin müvəkkillərinə böhtan atdığını və buna görə də yalnız 20 il həbs cəzasının kifayət etdiyini müdafiə ediblər.
Jalə Demokrat.az


