"Amerika Azərbaycan münasibətlərinin son dövrlərdə gərginləşməsinin əsas səbəbi ABŞ-ın yeritdiyi siyasətdir. ABŞ bir tərəfdən guya Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə can atır. Bir müddət öncə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Digər tərəfdən isə ABŞ Azərbaycana qarşı təzyiq siyasəti həyata keçirir".
Bu sözləri Demokrat.az-a politoloq Oqtay Qasımov deyib:
"ABŞ tələsik formada Ermənistanın maraqlarına uyğun, yarımçıq sülh müqaviləsinin bağlanmasını önə çıxarır. Azərbaycan bu siyasətə müqavimət göstərir. Son bir ildə ABŞ tərəfindən Azərbaycana qarşı ard-arda təxribatlar həyata keçirilib. ABŞ dövlət katibinin müavinləri səviyyəsində keçən ilin sentyabrından başlayaraq antiazərbaycan açıqlamaları verilib. Keçən ilin sentyabrında dövlət katibinin birinci müavini Yuri Kim, noyabr ayında məşhur Ceyms Obrayn, bir müddət öncə isə Antoni Blinkenin daha bir müavini Varşavadakı çıxışı zamanı Azərbaycana qarşı qəbuledilməz ifadələr işlətdi. Bu bəyanatlar 60 konqresmenin Azərbaycana sanksiyalar tətbiq edilməsi tələbindən sonra verilib. Azərbaycan Milli Məclisinin bir qrup üzvü Amerika ilə münasibətlərə yenidən baxılmasını təklif edib. ABŞ güclü, dünyada baş verən proseslərə birbaşa təsir gücünə malik olan ölkədir. Bu o demək deyil ki, ABŞ hər yerdə öz maraqlarını irəli sürə bilər"
O. Qasımlı bildirib ki,Azərbaycan ABŞ-ın ikili standartlara əsaslanan siyasətini qəbul etmir:
"Azərbaycan 90-cı illərdə öz torpaqlarını itirdiyi zamanda belə ABŞ-ın sanksiyalarına məruz qalıb. 44 günlük Vətən müharibəsindən sonra da bu siyasət davam edib. Atəşkəs dövründə Ermənistana və Qarabağdakı xunta rejiminə milyardlarla dollar məbləğində yardımlar edib. Bunlar da Azərbaycan ərazisində işğalın legitim və əbədi olmasına səbəb yaradıb. Azərbaycan da haqlı olaraq ABŞ və digər beynalxalq güclərin qarşısında qərbi azərbaycanlıların geri dönüşü ilə bağlı məsələyə diqqət çəkir. Tez-tələsik sülh danışıqlarını Azərbaycan qəbul etmir. Azərbaycan Ermənistandan konsititusiya və qanunvericilik aktlarına dəyişiklik etməsini tələb edir. Bütün bunlar Amerikanın bölgədəki gərginləşmə siyasətinə qarşıdır. Bütün bunlar COP29-u fürsət bilib Azərbaycana təzyiqləri artırmağa çalışanlara mesaj sayıla bilər".
Mehriban Mirzəzadə Demokrat.az


