Gündəm Özəl

"Vaşinqton yalnız birtərəfli qaydada öz maraqlarını düşünərək..." — Deputat

Vaşinqton yalnız birtərəfli qaydada öz maraqlarını düşünərək... — Deputat

Azərbaycan Respublikası hər zaman ABŞ ilə tərəfdaşlıqda səmimi davranmış, lakin, çox təəssüflər olsun ki, ötən dövrün təcrübəsi göstərir ki, Vaşinqton üçün ümumbəşəri dəyərlər bir qayda olaraq arxa plana keçmişdir. Məsələn ötən dövr ərzində Vaşinqton Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığı üçün bütün imkanlarını səfərbər etmiş, bu münaqişənin həlli üzrə vasitəçilik missiyası daşımasına baxmayaraq bu vasitəçiliyi daha çox münaqişənin həll edilmədən dondurulmasına, Azərbaycanın işğal və təzavüzlə barışdırılmasına və beləliklə də, bölgədə daim köməyinə ehtiyac duyulan subyekt olaraq Amerikanın mövcudiyyətinə zərurət yaratmağa yönəlmiş, Vaşinqton yalnız birtərəfli qaydada öz maraqlarını düşünərək regionda sülh, sabitlik, inkişaf, təhlükəsizlik amillərinə yalnız imperialist prizmadan baxmışdır.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində müstəsna qələbələriişğal və təcavüzə son qoyulmaqla regionda, nəhayət ki, sülh və əmin-amanlıq, dayanıqlı sabitlik üçün unikal tarixi imkan yaratmış, qlobal miqyasda əsas problemlərdən biri hesab edilən separatizmlə mübarizədə effektiv və həlledici yol xətirəsi ortaya qoyulmuş, beynəlxalq hüququn aliliyi təmin edilmişdir, bununla da əslində ABŞ-nin özünü utancdan qurtarmışdı:

“Lakin, təəssüflər olsun ki, ABŞ göstərdi ki, onun üçün vacib olan beynəlxalq hüququn aliliyi, qlobal təhlükəsizlik yox, təcavüzkar mahiyyətdə ifadə olunan imperialist niyyətlərdir. Əlbəttə, ABŞ-nin bu davranışları bizim üçün təəccüblü deyildi, çünki Azərbaycan dəfələrlə bu ölkədən ikili standartları müşahidə etmişdi. Xüsusən, möhtərəm Prezidentin Cəbrayıl ictimaiyyəti ilə görüşündə də ifadə etdiyi kimi, Əfqanıstan missiyası zamanı Azərbaycanın köməyinə ehtiyac duyduğu zamanlarda ölkəmizin ünvanına təriflər yağdıran Ağ Ev administrasiyaları ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra Azərbaycana münasibətdə maskalarını da çıxarıb atmışdılar. Lakin məlumdur ki, Azərbaycan cənab İlham Əliyevin qətiyyəti, dövlətimizin artan güc və imkanları, xüsusən qələbələrimizdən sonra regionda yaratdığımız geosiyasi konfiqurasiya fonunda özünün milli maraqlarını əminliklə qoruya və realizə edə biləcək güc kimi özünü dəfələrlə təsdiq edib. Cənab İlham Əliyevin müəllifi olduğu bu situasiya ABŞ-yə dünyanın digər bölgələrində davrandığı kimi hərəkət etmək imkanı vermirdi. Lakin, ölkəmizin COP29-a ev sahibliyi etməsi isə Vaşinqton üçün unikal imkan kimi görünməyə başladı. Bu çərçivədə konqresmenlərin imzaladığı, böhtanla dolu, Azərbaycana qarşı ayrı-seçkiliyi ifadə edən, Ermənistanın gücləndirilməsi və bu ölkənin yenidən Azərbaycan ərazilərini işğal və təcavüzə təşviq edən bu təxribat xarakterli müraciətin ardınca ABŞ ilə Azərbaycan arasında münasibətlər heç nə olmamış kimi davam edə bilməz və azərbaycanlı deputatların bu prosesə reaksiyası kifayət qədər adekvat və gözləniləndir və ABŞ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi barədə təklifi ilk növbədə Vaşinqtondan gələn davranışa adekvat reaksiyadır. Əgər ABŞ regionda sülh və sabitlik üçün təhdid yaradan siyasət yürüdürsə, 30 il işğal və təcavüzü davam etdirmiş Ermənistanın yenidən hərbi cəhətdən gücləndirilməsinə xidmət edən addımlar atırsa, təbii ki, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanatın heç bir önəmi qalmır, yaxud 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Saziş formal bir sənədə çevrilir. Belə olan tədqirdə, həmin müqavilələrin formallıq xatirinə qüvvədə qalması, yaxud eyni məzmunda yeni müqavilələrin razılaşdırılması, müqavilələrin uzadılması və ya yeni müqavilələrə, habelə 5ci kolon formalaşdırmaqla məşğul olan USAİD-in ölkəmizdə hər hansı formada fəaliyyətinin davam etməsinin önəmi yoxdur”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova