Gündəm Özəl

"ABŞ senatorları erməni lobbisinin əsirinə çevriliblər" — ŞƏRH

ABŞ senatorları erməni lobbisinin əsirinə çevriliblər — ŞƏRH

“ABŞ-nin bölgəyə yanaşması, xüsusilə də Azərbaycana münasibəti heç vaxt səmimi olmayıb. 30 il ərzində Azərbaycanın torpaqları işğal altında olarkən ABŞ “907-ci düzəliş”i manipulyasiya vasitəsinə çevirmiş və işğalçı ilə işğala məruz qalanı həmişə tərəzinin eyni gözünə qoymuşdu. İşğala son qoyulandan sonra da ABŞ yenə də beynəlxalq hüquqa zidd addımlarını davam etdirir, bölgəylə bağlı absurd bəyanatlar imzalayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. T.İsmayılov bildirib ki, ABŞ Dövlət Departamenti bu gün Azərbaycana qarşı “feyk nyus”, dezinformasiyaların mərkəzinə çevrilib:

“ABŞ senatorları ASALA-nın terrorçu zehniyyətini daşıyan ANKA adlı dırnaqarası erməni lobbi təşkilatının əsirinə çevriliblər. Ben Kardin, Frank Pallone kimi isimlər Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ağlasığmaz fikirlər səsləndirirlər. Bunlar növbəti dəfə ABŞ-nin Azərbaycana qarşı mövqeyində səmimi olmadığını göstərir”.

Milli Məclisin bir qrup deputatının xarici işlər naziri Ceyhun Bayramova etdiyi müraciətə gəlincə isə ekspert qeyd edib ki, bu müraciət obyektivdir və reallığı əks etdirir:

“Millət vəkillərinin xarici işlər nazirinə müraciətində qaldırılan məsələlər Azərbaycan ictimaiyyəti tərəfindən də dəstəklənir. Hesab edirəm ki, Ermənistana milyonlarla dollar dəyərində yardım ayıran, bütün səfərlərini Ermənistana fokuslamış Samanta Pauerin rəhbərlik etdiyi USAİD fondunun ölkəmizdəki fəaliyyəti dayandırılmalıdır. Azərbaycana qarşı dezinformasiyanın ruporuna çevrilmiş bütün ABŞ mərkəzli beynəlxalq təşkilatlar və təsisatlarla əməkdaşlığın tamamilə dayandırılmalı olduğunu hesab edirəm”.

Qeyd edək ki, Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət ediblər. Müraciətdə qeyd olunub ki, Senatın və Nümayəndələr Palatasının dövlət katibi Blinkenə Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən müraciəti qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova