“Rusiya sülhməramlılarının Qarabağ bölgəsini tərk etməsindən sonra Azərbaycanla Rusiya arasında əsas müzakirə olunan mövzu Rusiyanın Azərbaycan ərazisində konsulluq açması ilə bağlıdır. Rusiya bu konsulluğu Qarabağda açmaqda maraqlıdır. Bunu belə əsaslandırırlar ki, Azərbaycanın Rusiyada diplomatik nümayəndələri çoxdur, bu balansı qorumaq üçün Rusiya Azərbaycan ərazisində yeni konsulluq açmaq istəyir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ.Hüseynovun fikrincə, məsələnin arxasında siyasi maraqlar dayana bilər:
“Əslində, bu pariteti qorumaq istəyirlərsə, konsulluğu Qarabağda açmaq nəyə lazımdır?! Bu, birinci sual, ikinci tərəfdən, ictimai rəydə də bu məsələ neqativ qarşılanır, müsbət reaksiyalar doğurmur. Bu baxımdan Azərbaycanın digər şəhərlərində - Gəncədə, Yevlaxda, Mingəçevirdə, qərb bölgəsində konsulluq açmaq olar, əgər paritet məsələsidirsə. Yox, əgər burada siyasi maraqlar ön plandadırsa, mənə elə gəlir ki, Azərbaycan öz obyektiv mövqeyini ifadə edəcəkdir. Konsulluq açmaq məsələsində məsləhətləşmələr həyata keçirilməlidir”.
Ekspert qeyd edib ki, konsulluq açmaq istəyi dövlətlərin bir bölgədə mövcudluğunu qorumağın ənənəvi yoludur:
“Ümumiyyətlə, Vətən müharibəsindən sonrakı dövrdə sanki konsulluq açmaq yarışı başlayıb. İran İslam Respublikası Ermənistanın Qafan şəhərində konsulluq açdı. Diplomatik nümayəndəliyin binasının inşası tam başa çatmamış açılışı oldu. Daha sonra ayrı-ayrı dövlətlər də Cənubi Qafqazda mövcudluqlarını hiss etdirmək üçün diplomatik yollara əl atdı. Düşünürəm ki, bu məsələ yalnız siyasi əsaslarla Azərbaycanın arqumentləşdirilmiş mövqeyinin ortaya qoyulması ilə öz həllini tapacaq”.
Qeyd edək ki, Rusiya XİN-in konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində Hazırda Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənildiyini bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq.
Törə Zeynallı Demokrat.az


