Gündəm Özəl

“Qələbəmizin xarici turistlərin diqqətinə çatdırılması vacibdir” — Turizm eksperti

“Qələbəmizin xarici turistlərin diqqətinə çatdırılması vacibdir” — Turizm eksperti

27 sentyabr Anım Günündə şəhid və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıqla yanaşı, 44 günlük dövrdə Azərbaycanın apardığı informasiya müharibəsi də xatırlanır. Müharibə dövründə Qarabağ həqiqətlərini, erməni vandalizmini bütün dünyaya çatdırmaq üçün gənclərimiz, ümumilikdə cəmiyyətimiz bütün gücünü səfərbər etdi. Bunun sayəsində dünya ictimaiyyəti I Qarabağ müharibəsində ermənilərin mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, mədəniyyətimizə qarşı törədilən vandallıqdan daha geni. xəbərdar oldu. Ölkəmizə turist axını ildən-ilə artır, beynəlxalq tədbirlər, konfranslar zamanı müxtəlif ölkələrdən nümayəndə heyətləri, çox sayda qonaqlar Azərbaycana gəlir. İşğaldan azad edilmiş ərazilərə də tez-tez xarici nümayəndə heyətlərinin səfərləri təşkil olunur, həmçinin xarici turistlər üçün də artıq səfər imkanı var.

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın informasiya müharibəsi bundan sonra da davam edəcək, çünki həqiqətlər hər zaman dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır:

“Azərbaycana gələn turistlərə ildən-ilə yeni marşrutlar təqdim olunur. Qarabağda müxtəlif layihələr, tədbirlər həyata keçirilir. Turistlərin Qarabağa, bərpa edilən şəhərlərə səfərləri təşkil olunur. Müharibə həqiqətlərinin gələn qonaqların diqqətinə çatdırılması Qarabağda keçirilən tədbirlərin mühüm istiqamətini təşkil edir. Ordumuzun keçdiyi zəfər yolu, açıq səma altında yaradılan muzeylər, tarixi hadisələrin izlərinin saxlanıldığı məkanlar gələn turistlərin öz gözləri ilə görmələrini istədiyimiz faktlardır. Peşəkar bələdçilərin burada öhdəsinə böyük iş düşür. Azərbaycan həqiqətlərini doğru şəkildə, faktlara söykənərək turistlərin, qonaqların diqqətinə çatdırmaq lazımdır. Onlar erməni vandalizminə məruz qalmış dini, mədəni abidələrimizi, tarixi yaşayış yerlərini görməli və mühüm məlumatlar əldə etməlidirlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova