Siyasət Özəl

Hikmət Babaoğlu: “Bu tarixi gün Azərbaycan xalqının milli qürurunu özünə qaytardı”

Hikmət Babaoğlu: “Bu tarixi gün Azərbaycan xalqının milli qürurunu özünə qaytardı”

“27 sentyabr bizi tarixi zəfərə götürəcək 44 günlük müharibənin başlandığı gündür. Məhz 27 sentyabrdan başlayan müharibə Azərbaycan dövlətçilik tarixində və hərbi siyasi tarixində son 200 illik güc balansını dəyişərək milli dövlətçiliyimizi tamamilə yeni bir inkişaf mərhələsinə çıxartdı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu tarixi gün Azərbaycan xalqının milli qürurunu, ləyaqətini özünə qaytardı:

“Heç şübhəsiz ki, bu tarixi mübarizəmizdə Azərbaycanın qəhrəman övladları şəhid oldular, qazi oldular, vətən uğrunda canlarından keçdilər və ona görə də Azərbaycan Prezidentinin sərəncamı ilə 27 sentyabr məhz bütün şəhidlərimizin anım günü kimi müəyyənləşdirildi. Bu, sadəcə təqvim günü deyil. Onilliklər, yüzilliklər keçəcək, 27 sentyabr günü həmişə Azərbaycanda anım günü kimi qeyd ediləcəkdir və bu gün biz Azərbaycanın 30 il hansı vəziyyətdə olduğunu xatırlayacağıq. Azərbaycan dövlətinin sonrakı mərhələdə necə gücləndiyini, necə böyük bir ordu qurmağını, bu müzəffər ordunun necə döyüşdüyünü və Azərbaycan oğullarının bu 44 günlük savaşda necə qəhrəmanlıqlar göstərdiklərini xatırlayacağıq. Ona görə də bu tarix həm milli yaddaşımızın, həm tarixi yaddaşımızın daim təzələnməsi, həm də milli özünüdərk baxımından çox mühüm bir tarixdir. Bütün bunlar 27 sentyabrdan başladı və məğlub kimi göstərilən bir xalqı döyüşkən qəhrəman və qalib bir xalq kimi dünyaya yenidən tanıtdı”

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova