Gündəm Özəl

Bakı bu halda Ermənistanla ilkin sülh müqaviləsini imzalaya bilər — Politoloq

Bakı bu halda Ermənistanla ilkin sülh müqaviləsini imzalaya bilər — Politoloq

Paşinyanın etdiyi sülh təklifi ilk başda diqqət çəksə də, onun guya sülhə maraqlı olmasına hesablanıb.

Doğrudur, Azərbaycan tərəfi Ermənistana nisbətən daha çox sülh müqaviləsi imzalanmasını istəyir. Amma qeyd olunan tərzdə imzalanacaq sülh müqaviləsi gələcəkdə münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, Paşinyan sadəcə razılaşdırıldığı iddia edilən 13 maddə və preambula əsasında sülh sazişinin imzalanmasını istəyir:

“Bakının isə bu sülh müqaviləsini qəbul etməsi mümkün deyil. Çünki Paşinyan bu sülh müqaviləsinin imzalanmasını üstü açıq edəcək ki, gələcəkdə pozulması üçün də həm hüquqi baza yaradacaq, həm də Ermənistanın əllərini daha da açacaqdır.

Bakı hələlik bu bəyanata rəsmi cavab verməsə də, hesab edirəm, təklif qəbul edilməyəcək. Məsələ ondadır ki, razılaşdırılan 13 maddənin nələr olduğu açıqlanmasa da, razılaşdırılmayan 3 maddə ilə bağlı ilkin fikirlər söyləmək mümkündür:

Ermənistan konstitusiyasının Azərbaycan və ətraf ölkələrə ərazi iddiası ehtiva edən maddələrinin dəyişdirilməsi;

10 Noyabr bəyanatında qeyd olunan “maneəsiz hərəkət prinsipi”nin təmin edilməsi;

Delimitasiya və demarkasiya prosesinin gələcəyinə dair razılığın olması.

Son günlər Bakının İrəvandan təzminat tələb etməsi və bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması da sülh sazişində bu məqamın 17-ci maddə ola biləcəyi ehtimalını artırır.

Azərbaycan indiki məqamda Ermənistandan daha çox sülhü istəyir. Lakin İrəvanın təklifləri konkret deyil və gələcəkdə münaqişənin yenidən alovlanmasının qarşısını alacaq bəndləri özündə ehtiva etmir. Bakı ən yaxşı halda konstitusiya dəyişikliyindən sonra Ermənistanla ilkin sülh müqaviləsi imzalaya bilər”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova