Gündəm Özəl

“Məktəblərdə dezinfeksiya işləri lisenziyalı şirkətlər tərəfindən aparılmalıdır” — Təhlükəsizlik ekspertindən AÇIQLAMA

“Məktəblərdə dezinfeksiya işləri lisenziyalı şirkətlər tərəfindən aparılmalıdır” — Təhlükəsizlik ekspertindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə zəhərlənmə halı olub. Məktəbi bit, birə basdığı üçün təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb. Bundan sonra isə şagirdlər arasında zəhərlənənlər olub. Valideynlərin sözlərinə görə sözügedən məktəbdə yaşayan bu hal ilk deyil. Əksəriyyət bu barədə dəfələrlə məktəb rəhbərliyinə şikayət etsə də, qarşı tərəf heç bir addım atmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, bütün ictimai yerlərdə dezinfeksiya, təmizlik işlərinin aparılması lisenziyalı şirkətlər tərəfindən həyata keçirilməlidir:

“Təmizlik zamanı istifadə olunacaq vasitələr kimyəvi tərkibli olduğu üçün hər birinin xüsusi istifadə qaydası var. Şirkət işçiləri bu qaydaları bilir və təlimata uyğun çalışırlar. Təmizlik işlərindən sonra müəyyən vaxt keçməlidir ki, işçilər, digər insanlar məkana daxil olsunlar. Dezinfeksiya işləri də müəyyən saat ərzində həyata keçirilməli və təhlükəsizlik qaydalarına riayət olunmalıdır. İstifadə olunan təmizlik vasitələrinin istehsal və son istifadə tarixlərinə diqqət etmək lazımdır. Vaxtı keçmiş təmizlik məhsulları da zəhərlənməyə səbəb ola bilər. İşlər yekunlaşandan sonra məkanı havalandırmaq mütləqdir”.

Qeyd edək ki, hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, 6-cı sinifdə oxuyan 2 şagird dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikləri üçün təcili yardıma müraciət edilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar Bakıdakı xəstəxanalardan birinə yönləndiriliblər. Şagirdlərin vəziyyətlərinin yaxşı olduğu və diqqətdə saxlanıldıqları açıqlanıb.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova