Sosial Özəl

Qoşa Qala qapısı ətrafında tıxac problemi niyə həllini tapmır? — Deputat aidiyyəti şəxsləri QINADI

Qoşa Qala qapısı ətrafında tıxac problemi niyə həllini tapmır? — Deputat aidiyyəti şəxsləri QINADI

Bakının mərkəzində Qoşa Qala qapısı ətrafında tıxac problemi illərdir həllini tapmır. Turistik zona olan İçərişəhərin girişində hər gün avtomobil sıxlığı yaşanır. Problem o həddə çatıb ki, hətta xarici turistlər belə narazılıqlarını dilə gətirirlər. Sakinlər və sürücülərsə avtomobilləri park etmək üçün yer azlığından şikayətlənirlər.

Məsələyə millət vəkili Elman Nəsirov Demokrat.az-a açıqlamasında münasibət bildirib.

Qoşa Qala qapısı ətrafında tıxac problemi niyə həllini tapmır? — Deputat aidiyyəti şəxsləri QINADI

Elman Nəsirov qeyd edib ki, sözügedən ərazidə tıxac artıq ciddi problemə çevrilib:

“Nəzərə alsaq ki, Bakıya gələn xarici turistlərin gəzib-gördüyü əsas yer İçərişəhərdir, onlar da tez-tez tıxac problemi ilə üzləşirlər. Bu da bizim ölkədə turizmi inkişaf etdirmək, turistləri cəlb etmək siyasətimizə ziddir. Tıxac problemi həm turistlərin, həm də sakinlərin rahat hərəkət etməsinə mane olur. Mən özüm də həmin yoldan keçərkən dəfələrlə bu problemin şahidi olmuşam, sükan arxasında bunu hiss etmək olur”.

Millət vəkilinin fikrincə, əsas problemlərdən biri şəhərdə yolların dar olmasıdır:

“Avtobuslar üçün ayrıca zolaq ayrılıb, amma avtobuslar arasında interval çoxdur. Avtomobillərin sayı çoxdur, amma avtobuslar üçün ayrılan zolağa sürücülər daxil ola bilmirlər, əks halda 100 manat cərimə edilirlər. Bu da sıxlığın artmasına, tıxaca səbəb olur. Dəfələrlə sürücülər mənə bu barədə şikayət ünvanlayırlar.

Deyirlər ki, bəlkə də 20 dəqiqə, yarım saatdan bir bir avtobus gələcək, amma zolaq boş qalır, avtomobillər hərəkət edə bilmir. Velosiped zolaqları ayrılıb, bu, çox yaxşıdır, müsbət haldır, Avropa şəhərlərində bu nümunələri görürük. Amma yenə də qeyd edirəm, şəhərdə yollar dardır və bizdə velosiped sürmək ənənəsi geniş yayılmayıb. Bu kimi hallara görə də sıxlıq yaranır və narazılıqlar artır.

Hesab edirəm ki, aidiyyəti qurumlar ciddi yanaşmalıdır məsələyə, xüsusilə turist axının olduğu ərazilərdə tıxac problemi aradan qaldırılmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova