Gündəm Özəl

“Ermənistan və havadarları Azərbaycanın mövqeyi ilə barışmasa...” — Nyu-York görüşü nəticə verəcəkmi?

“Ermənistan və havadarları Azərbaycanın mövqeyi ilə barışmasa...” — Nyu-York görüşü nəticə verəcəkmi?

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında bu gün Nyu-Yorkda görüş keçiriləcək. Görüşdə əsas müzakirə mövzusunun Azərbaycan-Ermənistan sülh prosesi olacağı gözlənilir.

Politoloq Rəşad Bayramov Demokrat.az-a açıqlamasında söyləyib ki, görüşdə bu və ya digər nəticənin əldə olunması Ermənistandan və ona havadarlıq edən dövlətlərdən asılıdır:

“Məlumdur ki, Azərbaycan tərəfinin 5 baza prinsipi əsasında formalaşdırdığı və Ermənistana təqdim etdiyi sülh müqaviləsi layihəsi artıq 10-cu mübadilə mərhələsini keçib. Yəni tərəflər artıq 10 dəfə həmin sənədi müvafiq düzəlişlər və dəyişikliklər etməklə bir-birilərinə təqdim ediblər. Sonuncu dəfə sənəddən Zəngəzur dəhlizi məsələsi çıxarıldı və sonrakı mərhələdə müzakirə olunması ilə bağlı razılıq əldə olundu. Ermənistanın konstitusiyasında, Müstəqillik haqqında Bəyannamədə və konstitusiyadan irəli gələn digər hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları var ki, bunların ləğvi məsələsi ətrafında da hələki razılıq əldə olunmayıb. Azərbaycanın növbəti tələbi Minsk Qrupunun ləğvi ilə bağlıdır, yəni tərəflər onun vasitəçiliyindən imtina etməlidirlər”.

R.Bayramov Ermənistanın bu məsələlərə müsbət yanaşmadığını söyləyib:

“Xüsusilə də konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı tələbin icrası gecikdirildiyi üçün sülh prosesində nəticənin əldə olunması ləngiyir. Ermənistan tərəfi razılaşdırılmamış məsələlərin sazişdən çıxarılmasını, digər məsələlər əsasında sülh müqaviləsinin imzalanmasını təklif edir. Bu da Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu zaman həmin sülh müqaviləsi adi kağız parçasından başqa bir şey olmayacaq. Bunu Ermənistan və Türkiyə ilə bağlı məsələdə gördük. Ermənistan Azərbaycanın prinsipial mövqeyindən irəli gələn tələblərini icra etməsə, sülh müqaviləsindən söhbət gedə bilməz. Ona görə də düşünmürəm ki, görüşdə hər hansı müsbət nəticə əldə olunsun. Ermənistan və havadarları Azərbaycanın mövqeyi ilə barışmasa, bu görüş sadəcə tərəflərin yanaşmalarını ifadə etdiyi əvvəlki görüşlərdən fərqlənməyəcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova