Gündəm Özəl

Kamran Bayramov: Saxta və əsassız uydurmalarla davamlı sülhü arzu etmək riyakarlıqdır!

Kamran Bayramov: Saxta və əsassız uydurmalarla davamlı sülhü arzu etmək riyakarlıqdır!

Şotlandiya parlamentinin rəsmi internet səhifəsində Şotlandiya Milli Partiyasının bir neçə üzvünün müəllifliyi ilə “Ermənistan-Azərbaycan münaqişəsi” adlı təşəbbüs layihəsi yerləşdirilib. Layihədə Azərbaycana qarşı böhtan və iftira dolu ittihamlar yer alır, “Dağlıq Qarabağ”, guya Azərbaycan tərəfindən Qarabağda yaşamış “erməni əhalinin etnik təmizlənməsi”, orada “erməni mədəni və dini irsinin sistemli şəkildə silinməsi”, “ermənilərə qarşı nifrət nitqi və ərazi iddialarının səsləndirilməsi” kimi ifadələr işlədilir, sonra da utanmazcasına regionumuzda ədalətli və davamlı sülhün bərqərar olunması arzusu ifadə olunur.

Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, layihədə işlədilən “Dağlıq Qarabağ” deyilən inzibati ərazi vahidi mövcud deyil və bir çox dövlətlər və beynəlxalq təşkilatlar artıq bunu qəbul edib. Deputatın fikrincə, layihə müəllifləri ondan da xəbərsizdirlər ki, məhz Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb, orada tarixən yaşamış azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib, onları doğma yurd-yuvalarından didərgin salıb.

Deputat həmçinin qeyd edib ki, Vətən Müharibəsi və ondan sonrakı dövrdə Qarabağda heç bir “etnik təmizləmə” əlamətinə rast gəlinməyib. Əksinə, ermənilərin könüllü şəkildə Qarabağda qalmasına və Ermənistan ərazisinə keçməsinə şərait yaradılıb. Bunu ermənilər özləri də təsdiqləyirlər. Şotlandiyalı parlamentarilər isə bu ritorikaları ilə sanki “Papadan daha çox katolik olmaq istəyirlər”.

Kamran Bayramov layihə müəlliflərinə tövsiyə edib ki, layihəni tərtib və müzakirə etməzdən əvvəl Cənubi Qafqaz regionunun tarixini öyrənsinlər. “Onlar bilməlidirlər ki, 80-ci illərdən etibarən məhz Ermənistan Azərbaycana qarşı açıq ərazi iddiaları irəli sürüb, təcavüzkar separatizmi aktiv şəkildə dəstəkləyib. Bu iddialardan əvvəl Qarabağda və Ermənistanda yaşayan azərbaycanlılara qarşı hücumlar törədilib və bu kimi əməllər də mülki əhali arasında itkilərə və azərbaycanlı qaçqın və məcburi köçkünlərin axınına səbəb olub. 1980-ci illərin sonunda 250 mindən çox azərbaycanlı Ermənistandan zorla çıxarılıb, Qarabağın 50 mindən çox köklü Azərbaycan əhalisi etnik təmizləmə və qəddar terror hücumlarına məruz qalıb” deyə, deputat bildirib.

Deputatın sözlərinə görə “erməni mədəni və dini irsinin silinməsi”ni iddia edən şotlandiyalı parlamentarilərin diqqətinə çatdırılmalıdır ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanları təkcə ölkə vətəndaşları deyil, həm də yaşı minillərlə ölçülən dini, tarixi və mədəni abidələrimiz olub. Məhz Ermənistan torpaqlarımızın işğalı dövründə ərazilərimizdə mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayətlər törədib. Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasəti həyata keçirərək, tarixi və mədəni irsimiz məqsədyönlü şəkildə və xüsusi qəddarlıqla məhv etmişdir. Ermənistanın işğalı nəticəsində Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu da, bəşər mədəniyyətinə qarşı təcavüz kimi qiymətləndirilməlidir.

Sonda deputat Kamran Bayramov şotlandiyalı deputatlara müraciət edərək qeyd edib ki, saxta və əsassız uydurmalarla davamlı sülhü arzu etmək riyakarlıqdan başqa bir şey deyil!

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova