“Bu gün bəzi gənclər universitetə çimərlik geyimi, idman paltarı ilə və ya çılpaq gəlirlər”.
Demokrat.az-ın məlumatına görə, bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə gənclərin universitetə gəlişində əsas problem odur ki, onlar dərsə kitab və çanta ilə gəlmirlər:
“Bu gün bəzi universitetlərdə əsas problem, faciə məhz budur. Nə geyinir geyinsin, təbii ki, etik qaydalara zidd olmayan formada geyim haqqı hər kəsin var. Buna müdaxilə etmək bir az problem yaradan məsələdir. Necə ki, biri hicabda, digəri isə hicabsız, yaxu da biri uzun ətəklə, digəri isə qısa ətəklə gəlirsə, onları seçib ayırmaq düzgün deyil. Tələbələri geyimə görə diskriminasiyaya məruz qoymaq böyük problemlər yarada bilər.
Tələbələrə əsasən ümumi davranış qaydaları çatdırılmalı, maarifləndirmə işi aparılmalı, bu istiqamətdə daha çox addımlar atılmalıdır. Universitetlərdə əsas məsələ uşaqların sadəcə dərsi yola vermək, dərsdə hansısa bir kitab mübarizəsi, müzakirəsi aparmaq fikirinin düşüncəsinin çox yayğın olmamasıdır. Diqqət edirsinizsə, uşaqlar çox vaxt universitetlərə kitab, çanta aparmağa utanırlar. Hazırda əsas məsələ budur. Əsas buna diqqət yetirmək lazımdır. Çünki təhsil müəssəsində geyimlə bağlı tələb qoymaq düzgün deyil. Bu hansısa dövlət işi deyil ki, modaya uyğun tələblər qoyulsun və yaxud hər hansı geyim formasına müdaxilə edilsin. Bu məsələlər daha çox insanların diqqətini cəlb edir və buna etiraz edirlər. Məncə, etiraz daha çox universitetə daha çox bilik almaq üçün gəlməyənlərə yönəlməlidir. Bilik almaq üçün gələnlər zahirən belə dərsə kitab götürməkdən utanmamalıdır.
Diqqət edirsinizsə, dərslərdə bir neçə dəftər götürən tələbəyə çox az rast gəlmək olur. Yəni, bu gün bu məsələlər daha çox gündəmə gətirilməlidir. Təbii ki, geyimlərlər bağlı müəyyən, tövsiyəedici məsələlər ola bilər. Amma bu əsas məsələ deyil. Əsas məsələ odur ki, tələbələr həqiqətəndə universitetə bilik almaq üçün, yoxsa başqa məqsədlər üçün gəlirlər. Unuversitetə gedən tələbə bilik əldə etməyə səy göstərirmi? Universitetlətə bu baxış bucağından yanaşılmalıdır. Əsas bu meyarlar müzakirəyə çıxarılmalıdır”.
Mehriban Mirzəzadə Demokrat.az


