İşğaldan azad edilmiş ərazilərdə bu il daha bir neçə məktəb istifadəyə verilib, dərslər başlayıb. Ölkənin inkişaf edən təhsil mühiti bu məktəblərdə də özünü göstərir. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri Şuşa, Xankəndi, Xocalı, Laçın, Füzuli şəhərlərində istifadəyə verilən məktəblərdə yaradılan müasir təhsil mühitini yüksək dəyərləndirib. E.Nuri Demokrat.az-a açıqlamasında deyib ki, bu məktəblər xüsusilə texnoloji imkanları baxımından seçilir:
“12 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən məktəblərdə olduq. DİM dərslərində kömək olmaq və ali məktəbə hazırlığı əlçatan etmək üçün 74 adda 350-dən çox kitabı şagirdlərin ixtiyarına verib. Şuşa, Xankəndi, Xocalı, Laçın şəhərləri, Laçının Sus və Zabux kəndləri, Füzulidə Uluqbəy adına məktəb, Zəngilanın Ağalı kəndindəki məktəb və Ağdərənin Talış kəndindəki məktəbdə yaradılan şəraitlə tanış olduq.


Ekspert qeyd edib ki, istifadəyə verilən məktəblər paytaxt məktəbləri müqayisədə bir çox imkanlarına görə daha üstündür:
“Xankəndi məktəbində də olduq. Məktəbin kitabxanasına kitablar hədiyyə olundu. Regional Təhsil İdarəsinin nümayəndələrindən biri hələ ki məktəbdə direktor vəzifəsində əvəz edirdi. Məktəbin heyəti 28 nəfərdən ibarətdir, şagird sayına görə də azad edilmiş ərazilərdə ən böyük məktəbdir. Zəfərin möhrünün vurulduğu Xankəndidə təhsil mühiti ilə tanış olmaq insana şirin duyğular yaşadırdı.
Şuşadakı 1 nömrəli məktəb haqqında da danışmaq lazımdır. Məktəb misilsiz bir layihə əsasında inşa olunub. Birmənalı deyə bilərəm ki, Bakıda belə bir məktəb yoxdur. Dörd mərtəbədən ibarət məktəbin təkcə kitabxanası bəlkə də bir neçə universitetin kitabxanası böyüklüyündədir. Burada oxucular üçün guşə, kompüter zalı, uşaqların əylənərək oxumaları üçün xüsusi kabinetlər var. Xarici dil fənni kabinetlərində dinləmə cihazları quraşdırılıb. Kimya kabineti xarici universitetlərin laboratoriyalarını xatırladır. Kimyəvi reaksiyalar aparmaq üçün qurğular, mikropkoplarla təchiz edilib. Eyni imkanlar fizika vı biologiya kabinetlərində də yaradılıb. Şuşa məktəbinin daxilində ayrıca STEAM mərkəzi yaradılıb, bir mərtəbə buna ayrılıb. Bəlkə də Azərbaycanda ən idela STEAM mərkəzi sayıla bilər. Robottexnikalar, 3D printerlər mövcud idi. Məktəbin rəhbər-müəllim heyəti 22 nəfərdən ibarətdir.
Zəngilanın Ağalı kəndindəki məktəb isə bizi çox heyrətləndirdi. Ümumiyyətlə, Ağalı kəndi müasirliyin, smart düşüncənin simvoludur sanki, məktəb də bu xüsusiyyətləri özündə birləşdirir. Düşünürəm ki, buranı bitirən gənclər tamam fərqli dünyanın insanları olacaqlar. Füzulidə yerləşən Uluqbəy adına məktəb isə ümumilikdə respublikanın ən yaxşı məktəbi hesab oluna bilər. İşğaldan azad edilmiş şəhərlərdəki digər məktəblər kimi bu məktəb də keyfiyyətli təhsil üçün bütün müasir infrastrukturla təmin edilib.
Azad edilmiş ərazilərdə şagirdlərin təhsil almaları üçün böyük imkanlar var, qalır bircə oxumaq. Düşünürəm ki, şagirdlər onlar üçün yaradılmış bu imkanları dəyərləndirməli və gələcəkdə regionun inkişafına öz savadları və bilikləri ilə töhfə verməlidirlər”.
Törə Zeynallı Demokrat.az


