Gündəm Özəl

“Təhsil şagirdin qarşısına alternativ yol qoymalıdır” — “2” alan bacarıqsızdır?

“Təhsil şagirdin qarşısına alternativ yol qoymalıdır” — “2” alan bacarıqsızdır?

Bu gündən minlərlə uşaq məktəb həyatına başlayır. Valideynlər üçün də bu, yeni mərhələ, təcrübədir. Çoxları məktəb illəri boyunca çalışır ki, uşaq dərslərindən “5” qiymət alsın, əlaçı olsun. Uşağı da bu istiqamətdə yönləndirir. Əlbəttə, məktəbi yaxşı qiymətlərlə bitirmək müsbət haldır. Amma valideynin vəzifəsi, missiyası həm də övladının gələcəyə hazırlamaq, onda müəyyən maraq və bacarıqlar formalaşdırmaq olmalıdır.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nurinin fikrincə, təhsildə dəyişməli olan konseptual-fundamental məsələlər həddindən artıq çoxdur. E.Nuri Demokrat.az-a açıqlamasında deyib ki, təəssüf ki, bunun baş verməsi real görünmür:

“Dəfələrlə qeyd etmişik ki, təhsilə olan baxış dəyişməlidir. Bizdə təhsilə olan baxışın yalnız bir adı var – qiymətləndirmə etalonu. Bizimçün təhsil, məktəb uşağın “4”, “5”-lə qiymətləndirilməsindən asılıdır. Qiymətləndirmənin tam ləğv olunmasını demirəm, buna onsuz da hazır deyilik. Dünyanın bir çox ölkələri də qiymətləndirmədən tam imtina etməyib. Nümunələr var təbii ki, məsələn, Finlandiyada 6-cı sinfə qədər qiymətləndirmə olmur. Burada əsas məsələ şagirdin həyati bacarıqlar üzərində formalaşması, onun şəxsiyyətinin inkişafıdır. Şagird səhv etməkdən qorxmamağı, səhvlərindən öyrənməyi öyrənir. Qiymətləndirmə isə şagirdə səhv etmək şansı vermir, onunçün alternativ cığır müəyyənləşdirmir.

Təhsil həmişə şagirdin qarşısına alternativ yol qoymalıdır. Fizikadan “2” alan şagird, fizika üzrə bilikləri zəif olan şagird müəllimin gözündə elə qiymətləndirilir ki, sanki ondan yararsız şəxs yoxdur. Biz şagirdin kimliyini, şəxsiyyətini hər hansı bir fənn üzrə bilik və bacarığına görə qiymətləndirməməliyik. Təhsil öyrətməkdən çox, yol göstərən, istiqamətləndirən bir mexanizmdir. Biz isə yol göstərmirik, təlqin etdiyimiz yolda şagirdləri məcburi şəkildə qiymətləndiririk. Şagird özünü tapa bilmir. Şagirdə özünü tapmağa yardımçı olmayan təhsil təhsil deyil”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova