Yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar və ümumilikdə 3 min şəhid haqqında məlumatların "Vikipediya"dan silinməsi narazılığa səbəb olub.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, "Vikipediya" dövlət tərəfindən nəzarət olunan bir platforma deyil.
Onun sözlərinə görə, şəhidlərimiz haqqında Azərbaycanda bir çox rəqəmsal platformalar var ki, orada bütün şəhidlərimizə həsr olunmuş məqalələr və siyahılar yer alır: 
"Azərbaycanda "Vikipediya"ya bənzər bir çox resurslar var, amma "Vikipediya"nın reputasiyası və iş prinsipi fərqlidir. Ümumiyyətlə, bu, dövlət tərəfindən nəzarət olunan bir platforma deyil, beynəlxalq ensiklopediyadır. Beynəlxalq ensiklopediyada isə hər ölkənin öz dilində vikipediyaçılar icması var. Həmin şəxslər də tənzimləmələr aparırlar. "Vikipediya" qaydalarına uyğun olaraq ensiklopedik, eləcə də digər şəxslərin "Vikipediya" məqalələri yaradılır və ya silinir. Təbii ki, şəhidlərimizin yeri başqadır. Məsələn, Qarabağ müharibəsi, aprel döyüşləri və Vətən müharibəsində iştirak edən şəhid və qazilər haqqında məqalələr yaradılıb. Adətən, xarici "Vikipediyalar"da ancaq çox tanınmış əsgərlərin, generalların, şəhidlərin məqalələri dərc olunur. Yəni ümumi döyüşdə iştirak edən şəxslərin "Vikipediya" məqalələri başqa dildəki "Vikipediya"larda çox da yer almır. Azərbaycanda isə buna ehtiyac var idi və vaxtında addımlar atıldı, vikipediyaçılar bu istiqamətdə məqalələr yaratdılar. O vaxt deyirdilər ki, guya müvəqqətidir".
E.Abbasov deyib ki, Azərbaycanın qələbəsinin, şəhidlərinin beynəlxalq müstəvidə tanınmasına, siyahıların və məqalələrin olmasına ehtiyac var:
"Deyirdilər ki, "Vikipediya" qaydalarına uyğun olan ensiklopedik şəxslərin məlumatları qalacaq. Məsələn, Polad Həşimovun, Xudayar Yusifzadənin və bir neçə şəhidimizin məqaləsi qalıb. Sual oluna bilər ki, hər şəhidin "Vikipediya"sı olmalıdırmı? Yeni təcrübəyə əsasən, belə bir qayda yoxdur və Azərbaycanda da müvəqqəti olduğu deyilirdi. Amma hamısının adı siyahılaşdırılıb. Bir çox siyahılarda şəhidlərin məqalələri alfopedik qaydalara əsasən indi də mövcuddur. Bu istiqamətdə" Vikipediya" inzibatçıları platforma qaydalarına əsasən iş aparıblar. Burada şəhidlərimiz haqqında bir çox dövlət dəstəkli Qeyri Hökumət Təşkilatlarının (QHT) yaratdığı sayt platformaları da mövcuddur. Həmçinin kitab və digər resurslarda da Azərbaycan şəhidlərinə aid kifayət qədər geniş məlumat mənbəsi var. Dediyim kimi, "Vikipediya" bir ensiklopediyadır. Necə ki, Azərbaycan ensiklopediyasında 1941-1945-ci il və digər şəhidlərimiz haqqında məqalə yoxdur, ensiklopedik resursu olan "Vikipediya"da da hər şəhidin məqaləsi nəzərdə tutulmurdu və qaydalara uyğun deyildi. Lakin siyahıların qalması nəzərdə tutulur və hazırda da var”.
Mehriban Mirzəzadə Demokrat.az


