Avropa İttifaqı (Aİ) Rusiya qazından imtina edə bilər. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun sözlərinə görə Aİ Ukrayna üzərindən nəql edilən Rusiya qazından imtina etməyə hazırdır. O, tədarük edilən təbii qazın həcminin 2023-cü ildə 15 %-ə qədər azalmasına baxmayaraq bu göstəricinin hələ də yüksək olduğunu deyib.
Simsonun fikirlərinə politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında münasibət bildirib. Avropa İttifaqı rəsmilərinin tez-tez bu səpkidə açıqlamalar verdiyini xatırladan T.Rzayev Aİ-nin artan iqtisadi tələbləri və qışın sərt keçməsi fonunda hələ uzun illər Rusiya qazından asılılığın davam edəcəyini düşünür:
“Reallıq ondan ibarətdir ki, Ai tək bir ölkədən ibarət deyil. 10-dan artıq ölkə arasında Almaniya, Fransa, Polşa kimi sənaye ölkələrinin qazdan asılılığı var. Rusiyanın Aİ-yə nəql etdiyi qazın həcmi 100 milyon kubmetr civarındadır. Kifayət qədər böyük həcmdə qaz ixracından söhbət gedir, bir neçə il ərzində buna əvəzləyici tapmaq mümkün deyil. Aİ Ukrayna müharibəsi başlayandan sonra alternativ qaz mənbələrini dəyərləndirməyə başladı. Bu vaxta qədər belə bir zərurət yaranmamışdı. Aİ ölkəsi olmayan Norveçin də təbii qaz ehtiyatları var, amma Rusiya ilə müqayisədə çox azdır. Alternativ ölkə kimi Əlcəzairdən, Qətərdən təbii qaz nəqli tez-tez müzakirə olunur, amma məsafənin çox olması problemdir. Rusiyanın hazır infrastrukturu var qaz nəql etmək üçün. Aİ qazı digər ölkələrdən alsa belə daşınma xərcləri problemi ortaya çıxacaq. Daşınma xərcləri artacağı üçün Avropanın özündə qazın qiyməti qalxacaq, bu da əhali arasında etirazlara gətirib çıxaracaq. Bu ssenari ilə hökumətlər üzləşmək istəmir. ABŞ də Rusiya kimi dünyada qaz nəqli edən ölkələrdəndir, amma okeanın o biri tərəfindədir. Buna görə də Avropaya sıxılmış maye qaz göndərməlidir ki, bunun istifadəsi və daşınması da bahadır. Göründüyü kimi, məsələ tək Rusiya qazından asılılıq deyil, eyni zamanda onun əlçatanlığıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan da son illərdə Avropaya nəql etdiyi qazın həcmini artırır:
“Amma Azərbaycanın nəql etdiyi qazın həcmi də Rusiya ilə müqayisədə çox azdır. Qaz nəqli üçün mövcud layihələrin ötürücülük qabiliyyəti də nəzər alınmalıdır. Azərbaycan bu gün yeni qaz yataqlarının axtarışındadır. Üstəlik, qaz nəql edən ölkə olmaqdan əlavə tranzit ölkə də olmaq istəyirik. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan tək Gürcüstan üzərindən deyil, Ermənistan üzərindən də Avropaya qaz nəqlini həyata keçirməyi planlaşdırır. Azərbaycanın Türkmənistan, Qazaxıstan, Özbəkistanla enerji sahəsində əlaqələri var. Hədəf 50 milyon kubmetr qazın Avropaya nəqlidir, amma bu da Rusiyanın ixrac etdiyindən iki dəfə azdır. Siyasi səbəblərə görə də Rusiyaya qaz nəqlində alternativ ölkə ola bilmərik.
Yaxın 20 ildən tez inanmıram ki, Avropa qaz ehtiyacını ödəmək üçün Rusiyaya alternativ ölkə tapsın. Avropa özü də Rusiya qazından imtina edə bilməyəcəyinin fərqindədir, amma görünən odur ki, bu tip açıqlamalarla qazın qiymətində spekulyasiyaya səbəb olmaq istəyir və Rusiyaya təzyiq etməyi düşünür”.
Törə Zeynallı Demokrat.az


