Gündəm Özəl

"Əcnəbilər arasında dilimizə maraq artır" — Dərslik çap olunacaq

Əcnəbilər arasında dilimizə maraq artır — Dərslik çap olunacaq

Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi çap olunacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən forumunda çıxışı zamanı deyib ki, dərsliyin nəşrinə gələn həftə başlanılacaq. Onun sözlərinə görə bu dərslik həm də xaricdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün faydalı ola bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Demokrat.az-a açıqlamasında bu addımı müsbət dəyərləndirib. T.Şükürlü ötən illərdə də əcnəbilərin Azərbaycan dilini öyrənmələri üçün dərslik çap olunduğunu deyib:

Əcnəbilər arasında dilimizə maraq artır — Dərslik çap olunacaq

“Ana dilimizin inkişafı və qorunması istiqamətində dövlətimiz mühüm addımlar atır. Xaricdə yaşayan həmvətənlərimizin ana dilini dərindən mənimsəməsi üçün vəsaitlər çap olunur, diasporumuzun fəaliyyət göstərdiyi ölkələrdə mütəmadi olaraq soydaşlarımız üçün, eləcə də həmin ölkənin vətəndaşları üçün Azərbaycan dilində dərslər təşkil olunur. Azərbaycan dilinə maraq göstərən əcnəbilərin sayı gündən-günə artmaqdadır, xüsusilə də mədəniyyətimizin, adət-ənənəmizin oxşarlıq təşkil etdiyi ölkələrdə bunu daha çox müşahidə edirik. Onların da Azərbaycan dilini öyrənmələrinə kömək etmək məqsədilə xüsusi dərsliklərin çap edilməsi təqdirəlayiqdir”.

Dilçi alim bildirib ki, ötən illərdə “Salam, Azərbaycan” adlı dərslik çap edilib:

Dərslik Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının və “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda həyata keçirilən eyni adlı layihə çərçivəsində hazırlanıb. Dərslik dünya təcrübəsinə və dil öyrənmə standartlarına uyğun başlanğıc, orta və yüksək səviyyələrə bölünüb. “Salam, Azərbaycan!” layihəsi çərçivəsində eyni adlı 11 kitab nəşr edilib. Bu dərsliklərdə Azərbaycan dilinin qaydaları rus və ingilis dillərində izah edilir. Dərsliklərdə, həmçinin, oxu mətnləri və dialoqlar yer alır. Bu dərslik dəstini yaxşı mənimsəyən əcnəbilər dünyanın istənilən yerində Azərbaycan dilini əcnəbilərə tədris edə bilərlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova