Bir qrup ziyalı və tanınmış ictimaiyyət nümayəndələri Azərbaycan radiosunun aparıcısı, jurnalist Günel Natiqin səhhəti və müalicəsi ilə bağlı Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət edib.
Demokrat.az müraciətin mətnini təqdim edir:
"Hörmətli Mehriban xanım!
Möhtərəm Prezident cənab İlham Əliyevin və Sizin mədəniyyət, eləcə də media sahəsinə xüsusi diqqət və qayğınız hər bir Azərbaycan vətəndaşına məlumdur. Söz və sənət adamlarına həssas münasibətinizə güvənərək Sizə tanınmış yazıçı, jurnalist, radio aparıcısı Günel Natiqin ağır xəstəliyi ilə bağlı müraciət edirik.
Günel Natiq Natiq qızı (Günel Natiq) 1976-cı ildə Bakı şəhərində, tanınmış tərcüməçi Natiq Səfərovun ailəsində dünyaya gəlib. 17 yaşında ikən o, Azərbaycan radiosunun ən gənc redaktoru vəzifəsində çalışıb. Günel Natiqin ədəbi yaradıcılığı və jurnalist araşdırmaları öz orijinallığı ilə ədəbi mühitdə daim maraq doğurub. Müəllifi olduğu radio verilişləri yazara böyük dinləyici auditoriyası qazandırıb.
Günel Natiq Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərimizin həyatına dair radio hekayələr formatında yayımlanıb.
Azərbaycanın və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyi ilə dinləyicilərə dolğun şəkildə çatdırılıb.
90-cı illərdən başlayaraq milli kimliyimizin tanıdılmasında xüsusi rolu olan "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq bu layihə çərçivəsində qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələrimiz haqqında silsilə proqramlar hazırlayıb.
Günel Natiq həmçinin AzTV-də yayımlanan, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan "Şəbəkə" proqramının müəllifi və aparıcısı olub. 2012-ci ildə Azərbaycan Radiosunda həm məzmunca, həm də formaca yeni veriliş olan "Söz naxışı" Günel Natiqin ən maraqlı layihələrindən biri kimi ictimai maraq doğurub. Verilişin hər sayı tədqiqat işi kimi incələnərək, sözlərin mifoloji kökləri araşdırılıb, həmçinin, fəlsəfi və elmi-estetik təhlilləri verilib.
Hörmətli Mehriban Xanım!
Yeddi kitabın, ölkə daxilində və xarici mətbuatda dərc olunan onlarla məqalənin müəllifi, Azərbaycan radiosunun inkişafında xüsusi xidmətləri olan istedadlı jurnalist Günel Natiq illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aldığı müalicələr nəticəsində orqanizmdə xərçəngin inkişafı müvəqqəti olaraq dayansa da, bir neçə aydır xəstəlik yenidən baş qaldırıb. Təəssüflər olsun ki, hazırda səhhəti ağırlaşan Günel xanımın yenidən müalicə alması üçün tələb olunan maddi imkanı yoxdur.
Biz - bu müraciəti imzalayan ictimaiyyət nümayəndələri və ziyalılar böyük ümidlə Sizdən Günel Natiqin müalicəsinə kömək göstərməyinizi xahiş edir, qələm dostumuzun Sizin dəstəyinizlə yenidən sağlam həyata qovuşacağına inanırıq!
Hörmətlə: Ramiz Rövşən – Xalq şairi Sabir Rüstəmxanlı – Xalq şairi, VHP sədri Vahid Əziz – Xalq şairi Aqil Abbas – Millət vəkili, yazıçı Fazil Mustafa – Millət vəkili, BQP başqanı Yasin Qarayev - Xalq artisti, aktyor Sabir Məmmədov – Xalq artisti, aktyor Eldost Bayram - Xalq artisti, diktor Əli Məhəmmədoğlu - Xalq artisti, diktor Seyran Səxavət – yazıçı, AYB üzvü İntiqam Qasımzadə - "Azərbaycan” jurnalının baş redaktoru Qulu Ağsəs – "Ulduz” jurnalının baş redaktoru Məmməd Oruc – yazıçı, AYB üzvü Rüstəm Behrudi – şair, AYB üzvü Səfər Alışarlı – yazıçı, AYB üzvü Murad Köhnəqala – yazıçı-publisist, AYB üzvü Vaqif Əlixanlı – yazıçı, Əməkdar mədəniyyət işçisi Bəsti Əlibəyli - ədəbiyyatşünas, tənqidçi, "Azərbaycan" jurnalında şöbə müdiri Zemfira Məhərrəmli - yazıçı-publisist, Əməkdar jurnalist Elçin İsgəndərzadə - AYB Qarabağ bölməsinin sədri, Texnika və Filoloğiya elmləri doktoru, professor Fərid Hüseyn - AYB Gənclər Şurasının sədri Seyfəddin Hüseynli - "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Şahbaz Xuduoğlu - "Qanun” nəşriyyatının direktoru İntiqam Yaşar - Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İlqar Türkoğlu - İntellektual Hüquq Mərkəzinin direktoru, AYB üzvü Pərviz Cəbrayıl - "Qaynarinfo.az” saytının baş redaktoru Həbibə Abdulla - AFN.az portalında baş redaktor Samirə Əşrəf - yazıçı, Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Ülviyyə Heydərova – yazıçı, dramaturq, AYB üzvü Mətanət Vahid - yazıçı, esseist, AYB üzvü Aysel Fikrət - yazıçı, Azərbaycan Milli Konservatoriyasında mətbuat katibi Fariz Yunisli - folklorşünas, Mədəniyyət Nazirliyinin əməkdaşı Narıngül Nadir - yazıçı, "Qobustan" jurnalının əməkdaşı Namiq Dəlidağlı - şair, AYB üzvü, manevr.az saytının baş redaktoru Anar Bayramoğlu - jurnalist, "Ayna.az” saytında redaktor Etimad Başkeçid - yazıçı, Tərcümə Mərkəzində şöbə rəhbəri Minəxanım Nuriyeva - Təkəli - Filologiya elmləri doktoru, professor Flora Naci - Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Sönməz Abbaslı Yurttaş - filologiya üzrə fəlsəfə doktoru Mail Yaqub - sosioloq, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru Şəhla İbişova – "Manera.az”ın baş redaktoru Yusif Məhəmmədoğlu - Xəbərlər İnformasiya Agentliyinin baş redaktoru Elçin Musaoğlu - rejissor, "Aztelefilm" yaradıcılıq birliyinin rəhbəri Qiymət Məhərrəmli - AMEA, filologiya üzrə fəlsəfə doktoru Havar Şəfiyeva - jurnalist, "Yeni Azərbaycan" qəzetinin müxbiri Firuzə Məmmədli - şair, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı – tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru


