Gündəm

AzVP-nin baxışı: Qalib ölkənin qalib parlamenti formalaşdırıldı

AzVP-nin baxışı: Qalib ölkənin qalib parlamenti formalaşdırıldı

1 sentyabr 2024-cü ildə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri tarixi Böyük Zəfərdən sonra ilk parlament seçkiləri kimi düşdü.

Bu seçkinin əhəmiyyəti bir neçə mühüm məqama bağlıdır. Birincisi, Ermənistanın ölkəmizə qarşı uzun illər davam etmiş təcavüzündən sonra ilk dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü halında seçkilər keçirilib. İkincisi, qalib ölkənin qalib parlamenti formalaşdırıldı.

Üçüncüsü, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı fonunda seçicilərdə yaranmış ictimai fəallıq seçkilərin demokratik keçirilməsində böyük rol oynadı. Digər tərəfdən, müharibə şəraitindən dinc quruculuq şəraitinə keçən ölkəmizdə budəfəki seçkilər daha mükəmməl və hərtərəfli hazırlanmışdı.

Builki parlament seçkilərində 6 nəfər namizədlə iştirak edən Azad Vətən Partiyası hesab edir ki, təşkilat seçki strategiyasının öyrənilməsində ciddi təcrübəyə yiyələnib. Partiyanın mindən çox müşahidəçisi seçkilərin gedişini izləyib, vətəndaşların rəyini öyrənib, ictimai-siyasi fəaliyyətin bu istiqamət üzrə dəyərlərini mənimsəyib.

Müşahidəçilərimiz seçki məntəqələrində ciddi qanun pozuntusu qeydə almayıblar. Biz hesab edirik ki, bu gün qazanılmış təcrübə növbəti seçkilərdə partiya üzvlərinin daha mütəşəkkil fəaliyyət göstərməsinə kömək edəcəkdir.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

NE
Nihadə Eyyubova