VI çağırış Milli Məclisin deputatı Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlama yayıb.
Demokrat.az-ın xəbərinə görə, məlumatda deyilir:
"Vəhdət Partiyası 1 sentyabr 2024- cü il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkiləri baş tutmuş hesab edir. VII çağırış Milli Məclisə seçkilər ilk dəfə olaraq, Azərbaycan Respublikasının bütün ərazisində keçirilmişdir. Seçkilərdə Respublikada fəaliyyət göstərən 26 partiyadan 25-i öz namizədləri ilə iştirak etmişlər. Namizədliklərin qeydə alınması,imza toplama,təşviqat,səsvermə mərhələlərində demokratik şərait təmin edilmişdir. Vəhdət Partiyası bu seçkilərdə beş namizədlə iştirak etmiş, iki mindən çox müşahidəçimiz seçki prosesini izləmişdir. Ümumiyyətlə, yüz mindən çox beynəlxalq və yerli müşahidəçilər seçki prosesində iştirak etmişlər. Müşahidəçilərimiz hər hansı ciddi qanun pozğunluğu müşahidə etməmişlər. Seçki qanunvericiliyə uyğun olaraq, sakit,inisidentsiz və demokratik şəraitdə baş tutmuşdur. Seçki təbliğatı üçün açıq və qapalı məkalar ayrılmış,ev şəratində belə görüşlər keçirilmiş,nəzərdə tutulan müddətdə həyata keçirilmişdir. Səsvermə məntəqələrində gizli səs vermə şəraiti yaradılmışdır. Aktiv təşviqat aparmış şəxslərin əldə etdiyi nəticələrlə "exit-poll"un nəticələri əksər hallarda bir-birinə yaxın olmuşdur. Beynəlxalq müşahidəçilərin əksəriyyəti seçkinin demokratik və qanunauyğun keçirildiyini qeyd etmişlər. Bütün bunları nəzərə alaraq,hesab edirik ki, Parlament seçkiləri demokratik, təhlükəsiz, açıq rəqabət şəraitində və beynəlxalq hüququn tələbləri çərçivəsində keçirilmişdir. Partiyamız mandat qazanmış bütün şəxsləri təbrik edir, Vətənimiz üçün qanunvericilik fəaliyyətində uğurlar diləyir!"


