Gündəm Özəl

Xocalıların parlament seçkilərində öz doğma yurdlarında səs verməsi tarixi hadisədir

Xocalıların parlament seçkilərində öz doğma yurdlarında səs verməsi tarixi hadisədir

Növbədənkənar parlament seçkilərinə sayılı saatlar qalır. Bu il Milli Məclisə keçirilən seçkilər əlamətdarlığı ilə seçilir. 4 ildən sonra keçirilən seçkilər Azərbaycanın hər qarışını əhatə edəcək. İşğaldan azad edilmiş ərazilərdə uzun illərdən sonra ilk dəfə Milli Məclisə seçkilərin keçirilməsi Azərbaycan dövləti və xalqı üçün tarixi hadisədir. Seçkilər xalqın taleyində mühüm rol oynayır, ölkənin qanunvericilik strukturu olan parlamentə keçirilən seçkilərə işğaldan azad edilmiş ərazilərdə də insanların qatılması həm də xalqımızın iradəsindən xəbər verir.

Xocalıların parlament seçkilərində öz doğma yurdlarında səs verməsi tarixi hadisədir

Seçki öncəsi Ağdamda 4, Xocalıda 3 seçki məntəqəsi yaradılıb. 118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin yeddi seçki məntəqəsi azad olunmuş ərazilərdə formalaşdırılıb. Ümumilikdə sentaybrın 1-də keçiriləcək seçkilər 118 saylı Ağdam-Xocalı seçki dairəsində 73 məntəqədə baş tutacaq. Belə ki, 48 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 49 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 50 saylı məntəqə Kəngərli kəndində, 51 saylı məntəqə Xıdırlı kəndində, 71 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Dairənin tərkibinə daxil olan 73 məntəqə üzrə 61 min 474 seçici qeydə alınıb ki, onlardan 463 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 808 nəfəri 80-100 yaş arasında, 1 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər uzun illərdən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verəcəklər. Tanınmış jurnalist, yazıçı Kərim Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, Xocalı sakinlərinin parlament seçkilərində öz doğma yurdalarında səs verməsi tarixi və misli görünməmiş hadisədir. Çünki vaxtilə soyqırım törədilmiş, azərbaycanlıların günahsız yerə qətlə yetirildiyi bir şəhərdə doğma yurdlarına qayıtmış xocalılar səs verirlər:

Xocalıların parlament seçkilərində öz doğma yurdlarında səs verməsi tarixi hadisədir

“Şəxsən mən həmişə inanmışam ki, Qarabağ işğaldan azad olunacaq və ötən 32 il ərzində bütün yazılarımda, məqalələrimdə, şeir və hekayələrimdə bununla bağlı fikirlərimi, hiss və düşüncələrimi qeyd etmişəm. 44 günlük Vətən müharibəsində ordumuz torpaqlarımızı düşməndən azad etdi, xalqımızın arzusu çin oldu. Bu, haqqın-ədalətin qələbəsidir, bu, mübarizənin təntənəsidir və beynəlxalq hüququn təmin olunmasıdır. Vətəndaşların öz ərazilərində səs vermək hüququ var və nəhayət bu hüquq reallaşdı. Xocalı sakinləri azad Xocalı şəhərində səs verməyə hazırlaşırlar. Xocalı ərazisində təxminən 39 ildən sonra seçki baş tutur, bu həm də Şuşaya aiddir. Birincisi ona görə ki Xocalı şəhəri 1988-ci ilin fevral ayında Qarabağın dağlıq hissəsində separatizmin başladığı vaxtda bir kənd idi və o zamankı Əsgəran rayonunun tabeliyində idi. Bilirsiniz ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 5 rayon və 1 şəhərdən ibarət olub. O zaman saxta yolla Stepanakert adlandırılan qədim Xankəndi şəhəri, Şuşa rayonu, Əsgəran rayonu, Ağdərə rayonu, keçmiş Martuni, yəni indiki Xocavənd rayonunun bir hissəsi və hazırkı Xocavənd rayonunun bir hissəsi olan keçmiş Hadrut rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil idi. Xocalı kəndi də Əsgəran rayonunun tabeliyində idi və 1991-ci ildə işğalın, separatizmin, terrorun cavabı olaraq Əsgəran inzibati rayonu ləğv edildi, onun bazasında Xocalı rayonu yaradıldı və mərkəzi Xocalı şəhəri oldu. Hazırda keçmiş Əsgəran rayonunun bütün şəhər və kəndləri Xocalı rayonunu inzibati tabeliyindədir. Əsgəran və Şuşa rayonunda keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının bütün rayonlarında olduğu kimi Ali Sovetə seçkilər sonuncu dəfə 1985-ci ildə keçirilmişdi. 1988-ci ildən sonra keçmiş Dağlıq Qarabağda Azərbaycan Respublikası parlamentinə seçkilər keçirilmədi. Bu vəziyyət həmin ərazinin işğalına qədər davam etdi. 1995-ci ildə ilk dəfə işğal olunmuş rayonların əhalisi məskunlaşdığı yerlərdə parlament seçkilərində səsvermədə iştirak etdilər. Yəni əslində Xocalı şəhərində seçkilər 39 ildən sonra keçirilir.

Budəfəki seçkilərdə Xocalı şəhərində Xocalı rayonunun əhalisinin yalnız az bir hissəsi səs verəcək. Çünki hələ xocalıların hamısı tamamilə öz yurdlarına qaytarılmayıb. Xocalıda bərpa-quruculuq işləri davam edir, çox güman ki bu işlər gələcəkdə Xocalının kəndlərini də əhatə edəcək. Rayon əhalisi tamamilə öz yurduna qayıtdıqdan sonra hər biri doğma şəhərində səs verə biləcək”.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırlanıb.

NE
Nihadə Eyyubova